İnsanlar öz sağlamlıqlarının qədrini bilməlidirlər ki, indi xəstəxanada müalicə olunan, kömək istəyən koronavirus xəstələrinin gününə düşməsinlər.

Unikal.org xəbər verir ki, bunu Trend-ə koronavirusa yoluxaraq hazırda xəstəxanada stasionar müalicə alan 70 yaşlı Sumqayıt sakini Səidə Paşayeva deyib.

S.Paşayeva bəzi insanlardan fərqli olaraq, COVİD-19-un meydana gəldiyi ilk vaxtdan bu virusun mövcudluğuna inandığını söyləyib: “İndi də bu fikirdəyəm ki, bu virus həqiqətən var. Bu xəstəlik adamı elə pis vəziyyətə salır ki, insan ətrafdakılardan kömək istəyir, qışqırıb-bağırır, əlac istəyir. Ancaq heç kim ona kömək edə bilmir. Mənim müalicə aldığım xəstəxanada –qonşu palatalarda elə xəstələr görürük ki, onlar “boğuldum” deyib kömək istəyirlər, yerlərinin içində çapalayırlar. Xəstəxanada hər kəs onların “boğuldum, kömək edin” səsinə yerindən dik atılır. Bütün bunların hamısı o deməkdir ki, insan sağlamlığını qorumaq üçün öz qədrini bilməlidir”.

S.Paşayeva insanlara müraciət edərək onları lazimi sanitar-gigiyenik qaydalara əməl etməyə çağırıb: “Mən hər kəsə demək istəyirəm ki, özünüzü qoruyun, tibbi maska ilə gəzin, bir-biriniz arasında məsafə gözləyin. Xəstəliyiniz varsa, həkimə tez müraciət edin”.