“Qarabağ”ın legioner futbolçusu Xayme Romero “El Mundo” nəşrinə açıqlama verib.

Unikal.org xəbər verir ki, ispan futbolçu, Azərbaycanda müharibə ilə bağlı vəziyyət barədə danışıb:

“Burda həyat normaldır. Təhlükə hissi yoxdur və biz əvvəlki kimi davam edirik, çünki münaqişə digər tərəfdədir. Klubda hər şeydən təcrid olunmağımızı, qarşıda vacib matçlarımız olduğu üçün özümüzü onlara kökləməyimizi istəyirlər. Müharibənin baş verdiyi bölgənin adını daşıyırıq. Buna görə də, ölkənin qəbul etdiyi qərarların bir hissəsiyik. İnsanlar burda bizimlədir.

Avropaya səfər zamanı münaqişədən daha çox, pandemiya ilə bağlı problemlər nəzərə çarpır. Həftənin ilk iki günü testdən keçib səfərə yollanırıq. Sonra isə geri qayıdanda daha bir dəfə test veririk. Vəziyyət bir az qarışıqdır. Ümid edirəm ki, müharibə və virus bitəndə normal həyata qayıda biləcəyik”.

Romero, baş məşqçi Qurban Qurbanovla bağlı da fikirlərini bölüşüb:

“Ciddi görünən, amma futbolçularla çox yaxın olan bir adamdır. Klubun uğurlarının çoxu onun sayəsində qazanılıb. Futbolçularla bacardığım qədər ingilis dilində danışıram”.

Futbolçu, “Real”da çıxış edərkən Kriştiano Ronaldonu əvəzləməsi ilə bağlı təəssüratlarını da bölüşüb:

“Bu, xüsusi bir hiss idi. İnsanların gözündə ən çox diqqət çəkən budur. Futbol tarixinin ən yaxşı oyunçusunu əvəzləmişdim. Amma o, başqa oyun idi və həmin vaxt daha vacib hisslər yaşadım”.