Müğənni məhkəməyə üz tutur
Müğənni məhkəməyə üz tutur

Azəri Güneli narahat edən əsas məsələ konsert biletlərinin facebook sosial şəbəkəsində satışa çıxarılmasıdır

Azəri Günelin Köln şəhərində verəcəyi konsert proqramının təxirə düşdüyü barədə yazmışdıq.
Azəri qızının Almaniyada 3 konserti nəzərdə tutulmuşdu. Bunlar martın 17-i, 18-i və 25-i tarixlərinə planlaşdırılmışdı. İlk konsertinin qonorarını öncədən alan Günel orada rastlaşdığı problemlərə baxmayaraq, səhnəyə çıxdı. Növbəti tarixlərdə eyni hadisənin təkrarlanmayacağına ümid edən sənətçi təşkilatçının qarşısında şərt qoyur. Lakin növbəti dəfə müğənni arzuolunmaz hadisələrlə qarşılaşır. Müğənnini narahat edən əsas məsələ konsert biletlərinin facebook sosial şəbəkəsində satışa çıxarılmasıdır. O, bildirib ki, bilet satışı yalnız bu üsulla aparıldığından, o, konsertin uğurlu keçəcəyinə ümidini itirib:
"Novruz bayramı münasibəti ilə nəzərdə tutulan konserti həmyerlimiz təşkil etmişdi. Bu çıxışı qazancdan öncə özümə mənəvi borc bilirdim. Amma konsertə sayılı günlər qalanda öyrənirəm ki, təbliğat üçün afişalar vurulmayıb, anons sıfır səviyyəsindədir. Təşkilatçı yalnız sosial şəbəkə vasitəsi ilə konsertə tamaşaçı toplayır. Kölnə çatanda mənə də deyir ki, səhifəmi bəyənən 26 min fana öz adımdan dəvət göndərim. Dəhşətə gəldim. Bu, mənim adıma-sanıma sığmayan bir hərəkət idi. Birinci konsertdə aparatura bərbad gündə idi. Birtəhər yola verdim. Amma növbəti dəfə məsələnin həll olunacağını düşündüyüm halda, daha böyük problemlə rastlaşdım.
Almaniyaya qədər mən mart ayı ərzində 11 şəhərdə turnedə olmuşam. Hamısında da uğurlu və anşlaqlı konsertim olub. Bundan sonra belə bir situasiya ilə qarşılaşdım. Ona görə də ikinci dəfə səhnəyə çıxmaqdan imtina etdim. Bildirdim ki, ayın 25-i üçün olan konserti də təxirə salıram. Mən bütün konsertlərə çalışdığım şirkətin xətti ilə gedirəm. Həmin şirkət əvvəlcədən təşkilatçı ilə əlaqə yaradır, şərtlərini irəli sürür və menecerim qonorarımı əvvəlcədən alır. Bu, özümüzünkü olduğundan şərtləri yüngülləşdirdim. Nəticəni görəndə konsert işindən başı çıxmayan biri ilə qarşılaşdığımı anladım. Öz büdcəmizə bilet pulu ödəyib, yorğun halda Almaniyaya gəlmişik ki, vədimizə xilaf çıxmayaq. İndi həmin insan müxtəlif vasitələrlə özünü doğru çıxarmağa çalışır, sosial şəbəkələrdə adıma xoş olmayan ifadələr yazdırır. Mən də məsələnin hüquqi yolla çözülməsi üçün vəkilimi bu işə cəlb etdim".
Günel deyir ki, o, həmyerlilərimiz üçün nəzərdə tutulan konserti pulsuz da oxuya bilərdi. Amma ona edilən yalançı vədlər, qarşılaşdığı situasiya onu konkret addım atmağa vadar edib.