“Bu da hər gün dəyişən statistikadır. Sadəcə, 200-dən çox tank zərərsizləşdirilib. 33 tank qənimət kimi götürülüb, onlar da saz vəziyyətdədir. 35 hava hücumuna qarşı OSA sistemi zərərsizləşdirilib, çox bahalı, çox dəyərli olan 2 S-300 hava hücumundan müdafiə sistemi məhv edilib, həmçinin çox bahalı olan TOR hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib, hardasa 170 yük maşını ya zərrəsizləşdirildi, ya bizdədir. 16 komanda mərkəzi məhv edilib. Yəni bizim hesablamalarımıza görə hardasa 2 milyard dollar ətrafında Ermənistan Ordusuna ziyan dəydi. Bu, davam edir. Mən demişəm və Ermənistan rəhbərliyinə də müraciət etmişəm ki, siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın, bu müharibə dayansın, siz də qalan silahlarınızı müdafiə edin. Belə gedərsə, biz onların bütün silahlarını məhv edəcəyik”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı həmçinin, Ermənistanın insan itkiləri ilə bağlı suala da cavab verib:

“Can itkisi ilə bağlı onların mediada gedən rəqəmi mən deyirəm, hardasa 600-dən çoxdur. Amma bizdə olan məlumata görə, onlarda itki daha çoxdur. Yəni dediklərindən bir neçə dəfə daha çoxdur. Əgər 200 tank məhv edilibsə, bu tankların içində olan əsgərlərin sayına baxın, artıq bu rəqəm neçəyə çıxır. İndi döyüş bölgələrində, komanda mərkəzlərində, digər qurğularda onların texnikasının necə məhv edilməsinin görüntüləri var. Ona görə hansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiq rəqəmlərə sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm. Amma təbii ki, bu itkilər 600-dən daha çoxdur”.

Prezident qeyd edib ki, ermənilərdə nə qədər silah olduğu bilinmir: “Çünki sual ortaya çıxır ki, bu silahları haradan əldə edirlər. Ermənistanın büdcəsi bəlli, valyuta ehtiyatları bəllidir. Əgər 17-18 gün ərzində 2 milyard dollarlıq onların silahları məhv edilibsə və hələ də silahlar varsa və bu məhv edilmiş silahlar yalnız məhv edilmiş sihalar Dağlıq Qarabağ ərazisindədirsə, o zaman Ermənistan ərazisində nə qədər silahlar var?! Baxın bunlarda nə qədər silah var. Haradan aldılar?! Bu pulu haradan tapdılar?! Təbii ki, onlarda bu qədər pul yoxdur. Deməlıi bunu pulsuz alıblar”.