Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrell bu gün Brüsseldə Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb.

Unikal.org Aİ-nin saytına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında və ətrafındakı vəziyyət müzakirə edilib.

Ali nümayəndə, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə koordinasiyalı şəkildə, Rusiya və Fransanın vasitəçiliyi ilə 10 və 17 oktyabr tarixlərində Ermənistan və Azərbaycan arasında əldə edilən, lakin əməl olunmayan atəşkəs razılaşmalarına toxunub.

“Avropa İttifaqı hərbi əməliyyatların dərhal dayandırılmasına və hamı tərəfindən razılaşdırılmış atəşkəsə ciddi hörmət edilməsinə çağırır. Mülki insanları hədəf alan və ya mülki əhaliyə daha çox əziyyət gətirən hərəkətlər dərhal dayandırılmalıdır".

Vitse-prezident, tərəflərin beynəlxalq humanitar hüquqa tam riayət etmək məcburiyyətində olduqlarını vurğulayıb.

Borell tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara qayıtmağa çağırıb.

"Xarici tərəfdaşlar da daxil olmaqla, tərəflər daha çox itki ilə nəticələnə biləcək hərbi əməliyyatlardan çəkinməlidirlər".

Borrell, həm də Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi vasitəsilə həmsədrlərin davamlı səylərini yüksək səviyyəli təmaslar yolu ilə dəstəklədiklərini təkrarlayıb.