Rəsul Quliyevdən İsa Qəmbərlə Əli Kərimliyə zərbə
Rəsul Quliyevdən İsa Qəmbərlə Əli Kərimliyə zərbə

Müxalifət daxili gərginlik pik həddə çatdı

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini sərt tənqid edib. İsa Qəmbərin vahid namizəd məsələsilə bağlı son çıxışına toxunan R.Quliyev AXCP və Müsavat funksionerləri arasında sosial şəbəkələrdə başlanan qarşıdurmalara və eləcə də əzəli müttəfiqlərin baş tutmayan planlarına dair fikirlərini bildirib. Eks-spiker prezident seçkilərində müxalifət liderlərinin, xüsusən də İsa Qəmbər və Əli Kərimlinin qalib gəlmək potensialının olmadığını deyib. R.Quliyev həmçinin qeyd edib ki, o, İctimai Palatada baş verən hadisələri ümumiyyətlə izləmir və bu onun diqqət mərkəzində deyil.

"O qüvvələrin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir. Ona görə onların arasında və ya İctimai Palatada baş verənlər ümumiyyətlə mənim diqqət mərkəzimdə deyil. Yeganə arzum onların hamısını bir tavan altına toplamaq idi, o da alınmadığından artıq başqa işlərlə məşğul oluram, yəni daha təsirli qüvvələrlə iş görmək istəyirəm", - deyə ACP lideri vurğulayıb.
R.Quliyev daha sonra bildirib ki, İsa Qəmbər və Əli Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilə bilməz. "Çünki normal məntiqlə iş görmürlər".Maraqlıdır,son iki ay ərzində müxalifət liderlərinin münasibətləri gərginləşə-gərginləşə gedir. Halbu ki, iddia olunurdu ki, seçkilər yaxınlaşdıqca müxalifətin inteqrasiyası prosesi gedəcək və nəticədə vahid namizəd məsələsi həll olunacaq. Amma ənənəvi müxalifət olan AXCP ilə Müsavat arasında gərginlik artır və partiyalar kifayət qədər fərqli baxışlar sərgiləməyə başlayıblar. Öncəliklə qeyd edək ki, bu savaş sosial şəbəkələrdə daha açıq şəkildə gedir. Belə ki, Müsavat aktivistləri AXCP sədri Əli Kərimlini, AXCP gəncləri isə İsa Qəmbəri sərt tənqid etməyə başladı. Maraqlıdır, bəs hər iki partiyanın seçkilərə yanaşmasında əsas ziddiyət nədən ibarətdir? Hazırkı mərhələdə AXCP sədri Əli Kərimli iddia edir ki, müxalifətin daha genişləndirilmiş birliyinə nail olmalı və vahid namizəd məsələsini yenə də gündəmə gətirməmək lazımdır. Əsas məqsəd isə seçki öncəsi demokratik mühitin yaradılması olmalıdır. Elə buna görə də AXCP artıq tək İctimai Palata çərçivəsində yox, həm də digər qurumlarla da əməkdaşlığa başlayıb. AXCP-dən fərqli olaraq Müsavat daha konkret xətt tutub. Belə ki, İsa Qəmbər bir müddət öncə seçkilərə qatılacağını bəyan etdi və hazırda partiya açıq şəkildə seçki hazırlığı görür. Başqa cür desək artıq Müsavat seçkilərə start verib. Onların fikrincə seçki öncəsi demokratik mühitin yaranması üçün gərək seçkilərə start verilə. Yəni AXCP-in təklif etdiyi variant qəbul edilmir. Bundan başqa Müsavatın tutduğu xətt təsdiqləyir ki, Müsavat o, partiya ilə əməkdaşlıq edəcək ki, həmin partiya İsa Qəmbərin namizədliyini müdafiə etsin. Bu isə ziddiyyətləri daha da dərinləşdirir və Rəsul Quliyevin verdiyi açıqlama da bununla bağlıdır. Ekspertlər bildirir ki, əslində Rəsul Quliyevin açıqlaması reallığı əks etdirir. Çünki bu gün İsa Qəmbər, istərsə də Əli Kərimli sosial bazasızdır və seçkilərə ayrı-ayrılıqda getsələr olub-qalan gücdə parçalanacaq. Buna görə də istər Əli Kərimlini, istərsə də İsa Qəmbəri prezident İlham Əliyevə alternativ hesab etmək olmaz. Bunu da xatırladaq ki, YAP sədrinin müavini Əli Əhmədov açıqlama verərək bəyan etdi ki, partiyanın namizədi yenə də İlham Əliyev olacaq. Bu isə o deməkdir ki, müxalifətdən fərqli olaraq hakimiyyət seçkilərə vahid komanda kimi qatıla biləcək. Rəsul Quliyevin verdiyi açıqlamada başqa maraqlı detal həm də budur ki, o artıq başqa istiqamətdə fəaliyyət göstərəcəyini bildirir. Bu hansı istiqamət ola bilər? Ekspertlər bildirir ki, çox böyük ehtimal ki, o Məşvərət Məclisini nəzərdə tutur. Amma bunu da vurğulayaq ki, Məşvərət Məclisində də xarizmatik lider yoxdur ki, o seçkilərə qatılsın. Amma belə ehtimal var ki, Məşvərət Məclisi prezidentliyə namizəd kimi AMİP-in lideri Etibar Məmmədovu tanısın. Etibar Məmmədov isə hələ ki, bu məsələlərə reaksiya verməyib.
Mehdi Əli