Kəndli əkin-biçindən niyə üz çevirir?
Kəndli əkin-biçindən niyə üz çevirir?

Azərbaycanın bəzi bölgəsində kəndlilər torpaqlarını əkib-becərməkdən imtina edirlər. Əkin sahələri isə boş qalıb. Torpağını əkib-becərməkdən imtina edib sahəsini icarəyə verənlər olsa da amma icarədarlar da son vaxtlar əkin işindən üz döndəriblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev sualımıza cavab olaraq bildirib ki, torpaq sahələrinin əkilməməsini demək yanlışdır. Onun sözlərinə görə, taxıl təsərrüfatlarının böyük əksəriyyəti əkilib: "Ötən illə müqayisədə dən və yaşıl yem bitkiləri 6,8, buğda 3,4, arpa 6,5 faiz çox səpilib. Dövlət tərəfindən fermerlərə subsidiyaların verilməsi davam etdirilir. Hər hektara yanacaq və motor yağlarına görə 40 manat, toxuma və gübrəyə görə də güzəştlər verilir. Fermerlərə dövlət tərəfindən diqqət var. Sahələr heç vaxt boş qala bilməz".
Gələn ildən kooperasiya haqqında qanun qəbul olunacağını deyən nazirlik rəsmisi onu da bildirib ki, qanuna görə, xırda təsərrüfatlar iri təsərrüfatlarda birləşərək kooperasiya yaradacaq. Gələn ilin aprel ayında qəbul olunacağı gözlənilən qanun layihəsi fermerlərin marağına səbəb olacaq.
Murtuzəli Hacıyevin sözlərinə görə, ola bilər ki, kimsə belə bir faktla qarşılaşsın amma bu o demək deyil ki, fermerlər torpaq sahələrini əkməkdən imtina edirlər. Belə bir şey ola bilməz. Əksinə, dövlət tərəfindən kəndlilərə verilən subsidiyalar onları torpağı əkməyə həvəsləndirir.
İqtisadi tədqiqatlar mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov isə hesab edir ki, ölkədə aparılan aqrar siyasət kəndlilərin əkin işindən yayınmasına yönəlib. Ekspertin sözlərinə görə, ölkədə yürüdülən aqrar siyasət ona yönəlib ki, imkanlı şəxslər kəndlilərin pay torpaqlarını əllərindən alsınlar: "Yəni uzun müddət aqrar sahədə aparılan siyasət buna xidmət edir. Tək bu il yox artıq uzun illərdir ki, əkinlə məşğul olanların sayı azalıb. Əkin sahələri boş qalıb. Torpağını icarəyə verənlər olsa da, amma icarədarlar da son vaxtlar əkin işindən imtina edir. Məhsul isə ucuz olduğundan fermerlər məhsullarını sata bilmir və əllərində qalır. Son 5 ildə verilən statistikaya görə, ölkədə 1 milyon hektara yaxın sahədə taxıl əkilib".
Ekspert onu da bildirib ki, nazirlik fermerlərə kifayət qədər subsidiya verildiyini desə də, bu yenə də fermerlərin xeyrinə işləmir. Onun sözlərinə görə, kəndlinin bir hektar əraziyə çəkdiyi xərc 300-500 manatdan artıqdır. Kəndli ən yaxşı halda 2 ton məhsul götürür. Həmin məhsulu isə 20 qəpiyə satanda 400 manat edir. Fermer yenə də ziyana gedir.
Mütəxəssis onu da bildirib ki, "İdxal inhisarçı əllərdə olduğu və inhisarçılar məmurlarla əlaqəli olduqları üçün istehsal hökumətin marağında deyil. İnhisarçılar idxalda maraqlıdırlar. Onlar da çox asanlıqla xaricdən məhsul gətirərək yüksək gəlir əldə edirlər. Daxildə aqrar siyasət aparmaq niyyətində deyillər. Sabah Qazaxıstan idxalı dayandırsa, onda Azərbaycan çox acınacaqlı vəziyyətdə qalacaq. Mənə elə gəlir ki, bütün bu siyasət qəsdən aparılır ki, fermerləri sıradan çıxarsınlar və hazırda aqrar siyasəti aparan məmurların və onların qohum-əqrəbasına çox ucuz qiymətə satsınlar. Onlar da burada öz təsərrüfatlarını yaratsınlar".
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin sözlərinə görə, "Ölkədəki aqrar sektorun bərbad günə düşməsi hansısa nazirin və yaxud məmurun şıltaqlığından, qeyri-peşəkarlığından irəli gəlmir. Məsələnin kökləri daha dərindədir. Ümumiyyətlə, dünya ölkələri iqtisadi sistem baxımından üç qismə bölünür: tənzimlənən, tənzimlənməyən və qapalı iqtisadiyyata malik ölkələr. Hazırda Azərbaycanda situasiya elə gətirib ki, ölkə iqtisadiyyatı tənzimlənməyən şəkildə inkişaf etməkdədir. Və Azərbaycanda belə bir durumun yaranmasında beynəlxalq maliyyə dairələrinin xüsusi marağı var. Yəni istehsalla məşğul olan ölkə bu dairələrə ciddi şəkildə mane olur. Axı onların mallarının satılması və kapitallarının yatırılması üçün sərfəli bazarlar lazımdır. Azərbaycan da belə ölkələrdən birinə çevrilib. Azərbaycanın aqrar sektorunda yaranmış bərbad vəziyyət birbaşa beynəlxalq maliyyə dairələrinin siyasətinin nəticəsidir. Onlar istəmirlər ki, Azərbaycan istehsalla məşğul olan ölkəyə çevrilsin".
Gültəkin