Misir Mərdanov rektorlarla açıq savaşa girir
Misir Mərdanov rektorlarla açıq savaşa girir

Təhsil naziri ictimai etimadını ali məktəb rəhbərlərinə hücumla bərpa etmək istəyir

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2013-cü ilinin qış imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb.

Təhsil nazirliyindən bildirilib ki, bu əmrlə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Rektorlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və "Qaynar xətt" xidməti yaratmalı, daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt" xidmətinə (tel.: (012) 146, e-mail: [email protected]) operativ məlumat verilməsini, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməlidirlər.
Bundan başqa, rektorlar imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər. "Nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar "-deyə nazirin əmrində bildirilib.
Rektorlar imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.
Təhsil Nazirliyinin Aparatının rəhbəri İlham Pirməmmədov, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevə isə tapşırılıb ki, nazirlik əməkdaşlarının, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər. Eyni zamanda imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi üçün tələbələr arasında anket sorğuları təşkil edilməli, sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırılmalı və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlanmalıdır.
Qeyd edək ki, qış imtahan sessiyası yanvar ayı ərzində keçiriləcək.
Bəzi ekspertlər təhsil nazirinin ali məktəb rektorlarına qarşı belə sərt həmləsini təsadüfi saymırlar. Onlar nazirin son illərdə təhsildəki rüşvət və korrupsiya səbəbindən ictimai qınaq və tənqidlərin hədəfinə çevrilməsini, son vaxtlar isə ümumiyyətlə ictimai nüfuz sarıdan ciddi əziyyət çəkməsini xatırladır və bildirirlər ki, Misir Mərdanov məlum əmri ilə bütün bu zərərli tendensiyaları durdurmaq, özü haqqında formalaşan tənqidi ruhlu ictimai rəyi az da olsa yumşaltmaq istəyir.
Digər tərəfdən, Mərdanovun sözügedən əmri onun güc nümayişi cəhdi hesab olunur. Məsələ burasındadır ki, son bir ildə təhsil naziri səlahiyyətlərinin önəmli hissəsindən məhrum edilib. Hətta bir çoxlarında Misir Mərdanovun "formal nazir" olduğuna dair rəy formalaşıb, indi onun haqqında hökumətin ən zəif, gücsüzləşdirilmiş fiquru kimi danışılır.
Ekspertlərin fikrincə, təhsil naziri bu qənaəti də dəyişdirmək üçün ali məktəb rektorları ilə sərt dildə danışmağa və davranmağa üstünlük verib. "Nazir bununla demək istəyir ki, o, hələ də təhsil sektorunda söz sahibliyini itirməyib, hər hansı güc, nüfuz itkisinə uğramayıb. Mərdanov eyni zamanda hökumət daxilindəki opponentlərinə nümayiş etdirməyə çalışır ki, onu "asan yem" hesab etməsinlər, hələ də ayaqdadır və meydan oxumaq gücünə malikdir" deyə adının çəkilməsini istəməyən ekspertlərdən biri "Unikal"ın əməkdaşı ilə söhətində bildirib.
Həmin ekspert Mərdanovun bu həmləsinin əks-effekt verəcəyini də istisna etmir: "Bir çox rektorlarla nazirin münasibətləri olduqca gərgindir. Bəzi ali məktəb rəhbərləri ümumiyyətlə, təhsil naziri ilə hesablaşmır və özlərini xeyli dərəcədə müstəqil göstərməyə çalışırlar. Belədə Misir Mərdanovun onlarla sərt üslubda danışmaq və davranmaq istəməsi ayrı-ayrı rektorları nazirə qarşı gizli ittifaqa məcur edə bilər. Bu isə sonucda təhsil nazirinə yönəlik yeni və daha təhlükəli cəbhənin açılmasına gətirib çıxarar ki, belə bir ehtimal reallaşarsa, bunun Misir Mərdanov üçün ağır fəsadlarının olacağı şübhəsizdir".
Günel Əkbər