Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo ilə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə səfirlik tərəfindən məcburi köçkün ailələrinə ediləcək humanitar yardım məsələləri müzakirə edilib.
Fuad Hüseynov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verib. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir.
Bildirilib ki, məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası ilə bağlı Azərbaycan dövləti fəaliyyətini iki istiqamətdə qurub, onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, digəri isə artıq astanasında olduğumuz “Böyük Qayıdış” proqramının tam icra olunmasıdır.
Qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlarına başlamasına cavab olaraq müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələrin Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutması nəticəsində, mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölən və yaralananlar var. Məcburi köçkünlərin Tərtər, Ağdam, Füzuli, Goranboy rayonlarında müvəqqəti məskunlaşdığı 350-dən çox mənzil qismən, yaxud tamamilə dağıdılıb. 15 minə yaxın insan ikinci dəfə məcburi köçkün düşmək təhlükəsi ilə üz-üzə qalıb.
Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində mülki şəxslərin həlak olmasından təəssüfləndiyini bildirib. Qeyd olunub ki, səfirlik məcburi köçkün ailələrinin münaqişə vəziyyətində olmasını və koronovirusa yoluxanların sayının kəskin artmasını nəzərə alaraq məcburi köçkünlərə yardım ediləcək. Yardım ədyal və tibbi vasitələrdən ibarət olacaq.
Komitə sədrinin müavini məcburi köçkünlərə ediləcək yardımlara görə təşəkkür edib və yardımın nəqli, saxlanması və ailələrə çatdırılması üçün  komitə tərəfindən dəstək verilə biləcəyini deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.