Ermənistan ordusu acınacaqlı vəziyyətdədir. Bu günədək döyüş meydanında sarsıdıcı zərbələr alan işğalçı ölkə xeyli sayda itkilər verib, sağ qalan erməni hərbçilərin çoxu silahını ataraq qaçıb. Hazırda erməni ordusunda şəxsi heyət baxımından ciddi problemlər yaşanır.

Unikal.org xəbər verir ki, cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi xəstə, qoca, qadın, uşaqlarla yanaşı məhkumları da döyüşə cəlb etməyə başlayıb. Ermənistan son ümidini cinayətkarlara bağlayıb.

Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan yerli KİV-də yayılan məlumatları təsdiqləyib. O bildirib ki, 28 oktyabr tarixinə olan məlumata görə, 12 nəfər məhkum barəsində həbs qətimkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb.

"Onların hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Vəziyyətin həssas olduğu nəzərə almaqla hər kəsə fərdi yanaşma göstərilir”, - Xaçatryan deyib.

Bu gün yayılan digər məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilmiş düşmən ordusu artıq sıralarına qadınları cəlb etməyə başlayıb. Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovhannisyan Ermənistanda qadınlardan ibarət tağımın yaradıldığını açıqlayıb.

Hazırda erməni ordusunda kütləvi fərarilik, xaos və özbaşınalıq hökm sürür. Cəbhədəki itkiləri doldurmağa çalışan işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi döyüşlərə muzduları, terrorçuları da cəlb etməyə davam edir.