Azərbaycan Xəzərdə də silahlanır
Azərbaycan Xəzərdə də silahlanır

Bu isə birmənalı qarşılanmayacaq

Azərbaycan hərbi donanmasının müasirləşdirilməsi və Xəzər dənizində hərbi imkanların artırılması ilə bağlı 2014-cü ildə irimiqyaslı proqram həyata keçirməyə başlayacaq.

Proqram çərçivəsində yeni döyüş və dəstək gəmilərinin, yüksək sürətli katerlərin, kiçik ölçülü dənizaltıların, insansız sualtı vasitələrin alınması, yeni bazaların yaradılması, hərbi donanmanın aviasiya dəstəyinin artırılması və s. həyata keçiriləcək. Artıq bu məqsədlə indidən bəzi sifarişlərin yerləşdirilməsinə başlanıb.
Yeni gəmilərin silahlandırılması üçün 2010-cu ildə Rusiyaya 75 milyon dollar dəyərində "Uran-E" raket kompleksləri sifariş verilib ki, bu sistemlərin çatdırılması 2014-cü ilə nəzərdə tutulur. Bundan başqa, ölkə ərazisindəki müəssisələrdə müxtəlif qabaritli (16-45 metrlik) katerlərin tikintisinə dair Türkiyə və Ukraynadan olan bir sıra şirkətlərlə görüşlər keçirilir.
Proqram çərçivəsində ölkədə gəmi inşası sənayesinin yaradılması, habelə bu sahədə istifadə olunan bir sıra avadanlıqların, silah sistemlərinin yerli müəssisələrdə istehsalı həyata keçiriləcək.
Ümumilikdə rəsmi Bakı 2020-ci ilə qədər hərbi donanmanı yeni gəmilər hesabına gücləndirməyi, donanmanın inventarında olan, yaşı 40-ı keçmiş gəmiləri döyüş sıralarından çıxarmağı planlaşdırır.
Maraqlıdır, bəs Azərbaycan hansı zərurətdən Xəzərdə hərbi gücünü artırmağa çalışır? Ekspertlər bunu bir sıra amillərlə əlaqələndirirlər. İlk növbədə söhbət Azərbaycanın təhlükəsizliyindən gedir. Amma öncə bunu da qeyd edək ki, Xəzərdə ən böyük hərbi gücə malik dövlət Rusiyadır və Rusiya gücünü son zamanlar daha da artırıb. Digər Xəzəryanı ölkələr isə Xəzərin hərbiləşdirilməməsi ilə bağlı razılığa gəliblər və demək olar ki, Azərbaycanda başda olmaqla bu ölkələr kater səviyyəsindən yuxarı hansısa texnikaya həvəs göstərməyiblər. Çünki Xəzərdə güc Rusiyadır və Rusiya ilə rəqabət aparmaq sadəcə mümkün deyil. Amma ortada başqa problem də var. Problem isə İrandır. İran Xəzərdə hərbi gücünü gözlənilmədən bir neçə dəfə artırdı və bu artıq region dövlətləri üçün real təhlükə deməkdir. Bunu nəzərə alan Azərbaycanda bir neçə il ərzində ABŞ-dan aldığı hərbi yardımlarla Xəzərdə təhülkəsizlik katerlərinin alınmasına nail oldu. İndi isə vəziyyət daha da mürəkkəbləşib. Belə ki, BMT səviyyəsində İrana iqtisadi embarqo qoyulub və bu embarqodan sonra ABŞ və İsrailin İrana hərbi müdaxilə də edəcəyi gözlənilir. Bunu hesablayan İran isə ciddi şəkildə hərbiləşməyə maraq göstərir və Xəzərdə də bu proses müşahidə olunur. Bunu da qeyd edək ki, İrana hərbi müdaxilə olarsa Azərbaycan meydanda qalacaq və İran Azərbaycana sözsüz ki, zərbələr endirəcək. O cümlədən Xəzərdə ki, hərbi donanması vasitəsi ilə. Buna görə də Azərbaycan indidən Xəzərdə də hərbi təhlükəsizliyinin təmin olunmasına başlamalıdır. "Uran-E" raket komplekslərinin alınması da buna misaldır. Yəni alınacaq silahlar əslində müdafiə xarakterli komplekslərdir və buda təsdiqləyir ki, Azərbaycan İranın nə zamansa müdaxiləsindən ehtiyat edir və buna görə belə bir addım atmaq qərarına gəlib. Bunu da xatırladaq ki, Azərbaycan həmçinin Türkiyədə NATO-un yerləşdirdiyi "Patriot" raketlərinə də ümid bağlayır. Çünki bu raketlər vasitəsi ilə də İranın Azərbaycana hərbi müdaxiləsini neytrallaşdırmaq olar. Ekspertlər Azərbaycanın Xəzərdə güclənmə cəhdini həm də ümumilikdə ölkənin öz hərbi potensialını genişləndirməsi kimi dəyərləndirirlər. Qeyd edək ki, son beş ildə Azərbaycan kifayət qədər hərbiləşməyə meyl etdi və bir sıra uğurlara imzada atdı. Təkcə İsraillə bağlanan 1,5 milyard manatlıq hərbi sazişdə buna əyani misaldır. Bundan başqa Azərbaycan hərbi sənayenində inkişafına nail oldu və yaxın vaxtlarda Azərbaycan pilotsuz təyyarələrin istehsalına başlayacaq. Müharibə vəziyyətində olan bir ölkənin belə bir hərbi siyasət yürütməsi isə sözsüz ki, anlaşılandır. Ekspertlər bildirir ki, bu səbəbdən Azərbaycanın Xəzərdə silahlanmasına normal yanaşmaq lazımdır. Amma ekspertlər bildirir ki, Azərbaycanın Xəzərdə silahlanması Türkmənistan və İran tərəfindən birmənalı qarşılanmayacaq və əks addımlar atılacaq.

Mehdi Əli