Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki səbəti bəlli olub.

Unikall.org-un məlumatına görə, yığmamız püşk zamanı 5-ci səbətdə yer alacaq.

Düzdür, Avropa zonası üzrə seçmə mərhələnin 55 iştirakçısı noyabrın 26-da açıqlanacaq FİFA reytinqi ilə bilinəcək. “Köhnə qitə” təmsilçiləri 6 səbətə bölünəcək. Onların beşində 10 komanda, birində 5 yığma yer alacaq.

Ötən aykı FİFA reytinqində 1175 xalla dünyanın 114-cüsü olan Azərbaycan yığması Avropada 45-ci idi. Bu ay üç oyuna çıxan millimiz Sloveniya və Monteneqro ilə heç-heçələr sayəsində aktivinə 4,5 xal yazıb.

Lüksemburqla görüşdə isə maksimum 8,5 xal qazanıla bilər. Bu da əmsalımızı 1188-ə çatdıracaq. Belə qazanc ən yaxşı halda iki Avropa təmsilçisi - Estoniya və Farer adalarını keçməyə yetərli olacaq. Bu isə millimizin qitədə 5-ci “onluq”da qərarlaşması, yəni 5-ci səbətdə yer alması deməkdir.

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.