"Bu rəqibi asanlıqla məğlub edə bilərdik. Sadəcə, hakimlər imkan vermədi. "Qalatasaray"la matçda referi gözünün qabağında baş verən penalti epizoduna görə videtəkrara baxdı. Bu dəfə isə baş hakim VAR-a müraciət etmədi. Yəqin sistemə nəzarət edənlərin bundan başı çıxmır. Bu gün bəlkə də referiyə görə 3 xalımız əldən getdi".

Unikal.org xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rza Çalımbay Türkiyə Super Liqasının IX turunda səfərdə "Fatih Karagümrük"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Matçın idarəçiliyindən narazı qalan 57 yaşlı mütəxəssis artıq hakimlərə inanmadığını bildirib: "Bundan sonra onlarla bağlı danışmayacağam. Bir də belə bir şey olsa, klub rəsmiləri komandanı müdafiə edərlər. Bizim hakimlərimiz yaxşı, hazır deyil. VAR sistemini idarə edə bilmirlər".

UEFA Avropa Liqasının I qrupunun IV turunda "Qarabağ"la keçirəcəkləri görüşə də toxunan Çalımbay bunları deyib: "Qarşıda avrokubok oyunumuz var. Artıq bugünkü qarşılaşmanı unudub həmin görüşü düşünməliyik. "Qarabağ"la həm Türkiyə, həm də özümüz üçün oynayacağıq. Xal və ya xallar qazanıb ölkəmizi müəyyən yerlərə yüksəltməyə çalışırıq. Təəssüf ki, Türkiyədəki bəzi insanlar isə bizim əhvalımızı korlamaq üçün əllərindən gələni edirlər".

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.