Iqtisadi il başa çatır
Iqtisadi il başa çatır
Qubad İbadoğlu: ““bp” şirkəti Azərbaycandakı 19 illik fəaliyyətində ilk dəfə olaraq ictimaiyyət üçün gizli olmayan rəsmi qınaqla üzləşib”
Başa vurmaqda olduğumuz 2012-ci il bir sıra önəmli hadisələrlə yadda qalacaq. Bu mənada ölkə iqtisadiyyatında da mühüm faktlar qeydə alınıb. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış ekspert Qubad İbadoğlunun sözlərinə görə, “Bu ilin iqtisadiyyatı pozitiv nəticə ilə yekunlaşıb. Dünya bazarında müşahidə olunan yüksək enerji qiymətləri şəraitində ölkənin xarici mövqeyi əlverişli olaraq qalıb. Bu həm də öz növbəsində daxildə işgüzar fəallığı artırıb. Nəticədə ilin 11 aylıq yekunlarına görə, Azərbaycanda Ümumi daxili məhsul (ÜDM) istehsalı 1,2 faiz faiz artaraq 48,2 milyard manata çatıb. ÜDM istehsalı qeyri-neft sektorunda 9.7 faiz artıb, neft sektorunda isə 6.5 faiz azalıb. Beləliklə də həmin dövr ərzində yaradılmış əlavə dəyərin 50,5 faizi sənaye sahələrində, 9,9 faizi tikinti kompleksində, 8,2 faizi ticarət və pullu xidmət sahələlərində ,5,7 faizi kənd təsərrüfatında, 4,8 faizi nəqliyyatda, 1,8 faizi rabitədə, 12,7 faizi digər sahələrdə qeydə alınıb.
2012-ci ilin iqtisadi yekunlarını qiymətləndirərkən diqqəti çəkən aşağıdakı məqamlar qeyd oluna bilər”.
Ekspertin fikrincə, “İlin ən böyük enişi 11 aylıq nəticələrə görə sənayedə məhsul istehsalının 3,3 faiz azalması olub. Həmin dövrə sənaye məhsulu istehsalı neft sektorunda 5,3 faiz azalıb, qeyri-neft sektorunda isə 7,4 faiz artıb, ölkədə 39,4 milıyon ton neft, 15,7 milyard kub metr qaz hasil olunub. Sənayedə istehsal olunan məhsulun 75,7 faizi mədənçıxarma sənayesinin payına düşdüyünə görə, bu səbəbdən Azərbaycan höküməti ilə “bp” şirkəti arasında gərginlik yaranıb. İlin 9 aylıq yekunlarını qiymətləndirərkən məlum olub ki, ÜDM-in yarısına qədərini formalaşdıran neft sektorunda azalma nəticəsində ümumi iqtisadi artıma təhlükə yaranıb. Bununla da “bp” şirkəti Azərbaycandakı 19 illik fəaliyyətində ilk dəfə olaraq ictimaiyyət üçün gizli olmayan rəsmi qınaqla üzləşib. Bu hadisə ilin ən ciddi qınağı kimi yadda qalıb.
Bu ilin iqtisadi cəhətdən ən çox inkişaf etmiş sektoru xidmət bölməsi olub. Belə ki, 2012-ci ilin doqquz ayı ərzində ölkənin qeyri-neft sektorunda 20 milyard manatlıq əlavə dəyər yaradılıb ki, onun da 60 faizə qədəri sosial və digər xidmətlər, qeyri-neft sənayesi və tikinti sahələrinin payına düşüb. Belə ki, qeyri-neft ÜDM-nin 24,1 %-i sosial və digər xidmətlərin, 19,5%-i tikinti, 15,5%-i qeyri -neft sənayesi, 13,3%-i ticarət və avtomobillərin təmiri, 12,1%-i iəs kənd təsərrüfatının payına düşüb. İl ərzində qeyri-neft sektorunda 9,7 faizlik artım qeydə alınıb”.
Qubad bəy hesab edir ki, “İlin ən böyük iqtisadi təzadı aqrar sektorda qeydə alınıb. Belə ki, 2012-ci ilin dekabrın 1-ə olan ilkin məlumatlara görə, kənd təsərrüfatı istehsalı artsa da, ərzaq təyinatlı istehlak mallarının idxalı da artıb. Rəsmi məlumatlara görə, bostan məhsulları, pambıq istehsalı və şəkər çuğunduru istisna olmaqla qalan bitkiçilik məhsulları 5,8 faiz, heyvandarlıq məhsulları isə 5,5 faiz, bütövlükdə isə kənd təsərrüfatının ümumi istehsalı 2011-ci ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin 11 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən, alkoqollu içkilər 46,8%, buğda 24,1%, bitki və heyvan mənşəli yağlar 21%, kərə yağı 17,5%, meyvə tərəvəz 13,28%, şəkər 10,4% çox idxal olunub. Dövr ərzində kəsim üçün idxal olunan mal-qaranın dəyəri 2 dəfə artıb. Bu isə kənd təsərrüfatı istehsalındakı artımla və eyni zamanda, Azərbaycanın daxili istehsalı hesabına əsas ərzaq məhsulları ilə özünü təmin etməyi ilə bağlı səsləndirilən rəsmi fikirləri şübhə altına alır”.
Onun dediyinə görə, “İlin ən əhəmiyyətli layihəsi Milli Məclisin ratifikasiya etdiyi Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsi oldu. Bu layihənin reallaşması 7 mlrd. ABŞ dollarına başa gələcək. Layihə 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. TANAP-ın əhəmiyyəti yalnız iqtisadi baxımdan deyil, həm də Azərbaycan –Türkiyə münasibətlərinin inkişafına və Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması nöqteyi-nəzərindən çoxdur.
İlin ən böyük kəsiri qeyri-neft büdcə kəsirində qeydə alındı. 2012-ci ilin 9 aylıq büdcə icrasına dair operativ məlumatlara görə, dövlət büdcəsində 1,5 milyard manata qədər profisit qeydə alınmasına baxmayaraq, 2012-ci ildə son illər ərzində ilk dəfə olaraq qeyri-neft büdcə kəsirinin 40 faizi ötməsi, maksimal həddə 43 faizə yaxınlaşması, yəni milli büdcənin neft gəlirlərindən asılılığının daha da yüksəldilməsi gözlənilir. 2013-cü ilin büdcəsində qeyri-neft kəsirinin artırılması və neft gəlirlərindən asılılığın yüksəldilməsi nəzərdə tutulub. Belə ki, gələn il dövlət büdcəsi gəlirlərinin hər 4 manatından 3-ü neft gəlirləri təşkil edəcək”.
Adil