Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Bu barədə Unikal.org-a Ağstafa rayon prokurorluğundan məlumat verilib.

Belə ki, Ağstafa rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu 07.11.2020-ci il tarixdə “COVID-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 08.11.2020-ci il tarixdə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa rayon Polis Şöbəsinə göndərilmişdir.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.