"Artıq Kəlbəcər erməni terrorçularından təmizlənib. Bu gündən qalib Azərbaycan Ordusu Kəlbəcəri düşməndən qoruyur".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib.

Millət vəkili bildirib ki, 44 gün davam edən Vətən Müharibəsinin sonunda 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandı: "Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzası ilə bu bəyanat təsdiqləndi. Azərbaycan bununla da tam qələbəsini təmin elədi. Ərazi bütövlüyümüzü təmin elədi. Ermənistan ağ bayraq qaldıraraq, diz çökərək kapitulyasiyaya imza atdı. Əlbəttə ki, bu çox böyük bir uğurdur, tarixi qələbədir. Bu günü Azərbaycana yaşadan müzəffər ali baş komandanımızın, cənab prezidentimizin rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanındakı qələbəsi oldu. Cənab prezidentimizin diplomatiya sahəsindəki addımları bu qələbəni tam təmin elədi. Bu bəyanatda Azərbaycanın işğal altında olan 3 rayonu - Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarılması əksini tapdı. Bu gün də Kəlbəcər Azərbaycana qaytarıldı. Cənab prezidentimiz bununla bağlı Azərbaycan xalqına müraciət elədi, təbrik elədi. Sevincimizin həddi-hüdudu yoxdur. Hər bir azərbaycanlı bu gün bayram edir. Çox şükür ki, biz bu gözəl və tarixi günlərin şahidi olduq. Cənab prezidentimiz bugünkü çıxışında bir sıra önəmli məsələlərə toxundu. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları, erməni vandalları ağ bayraq qaldırmağa məcbur oldu. İşğalçı rejim 30 il ərzində bölgədə mühəndis-istehkam qurğuları ilə möhkəmlənsə də, Azərbaycan Ordusu daha güclü idi və düşmənə qalib gəldi. Azərbaycanın əsgər və zabitləri, vətənpərvər və qeyrətli vətən oğulları onları məcbur elədi ki, bu rayonları bizə qaytarsınlar".

Cavid Osmanov Kəlbəcərin işğal edildiyi dövr barədə də danışıb: "Cənab prezident Kəlbəcərin işğal altına düşdüyü dönəmdən bəhs elədi. O zaman ölkədə anarxiya, xaos və özbaşınalıq var idi. Hakimiyyət uğrunda mübarizə var idi. Birbaşa AXCP-nin xəyanəti ucbatından erməni vandalları Kəlbəcəri qısa bir müddət ərzində işğal etməyi bacardılar. Ovaxtkı səriştəsiz rəhbərlər - həm dövlət katibi, həm parlament sədri və digər vəzifələri daşıyan AXCP üzvləri müxtəlif xəyanətlərə imza atırdılar. Ölkədə vətəndaş qarşıdurması yaradırdılar. Ermənilər bundan istifadə elədilər. Müzəffər ali baş komandanın düzgün strategiyası nəticəsində 30 ilə yaxındır ki, işğalda olan torpaqlar azad olundu. Bütün o ərazilərdə yeni dönəm yaşanacaq, infrastruktur qurulacaq, artıq buna start verilib. Prezidentimizin tapşırığı ilə Füzulidən Şuşaya yeni yol çəkilir. Bərdədən Ağdama dəmir yolu xətti çəkilməsi barədə cənap prezident dünən sərəncam verdi. Kəlbəcərin azadlığı münasibətilə mən də bütün xalqımızı bir vətəndaş kimi, bir millət vəkili kimi təbrik edirəm. Eşq olsun ali baş komandanımıza, eşq olsun ordumuza!".

Orxan Həsənli