Noyabrın 26-ı saat 20 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Unikal.org-a Yasamal rayon prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.