Əvvəl daha çox xroniki xəstəliyi olan, yaşlı insanların koronavirusu ağır formada keçirdiyini görürdük. Amma artıq xeyli sayda gənc insanın da xəstəliyi ağır formada keçirdiyi müşahidə edilir.

Unikal.org xəbər verir ki, bunu trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, virusa yoluxanların 100 nəfərdən 80-ni onu yüngül formada keçirir:

“Bütün insanlarda yoluxmanın ilk günlərində xəstəlik yüngül formada olur. Xəstəliyi ağır keçirənlərin də vəziyyəti ilk mərhələdə yüngül olur. Lakin xəstəliyin 7-10-cu günündə onun ağırlaşdığını görə bilirik”.

V.Əliyev qeyd edib ki, xəstəliyin hansı insanda hansı formada keçəcəyini əvvəlcədən demək qeyri-mümkündür: “Virusa xas olan əlamətlər çoxdur. Xəstəliyin bədən hərarətinin yüksəlməsi, əzələ və baş ağrısı, təngnəfəslik, dad və iy bilmənin itməsi kimi əlamətləri var. Şərt deyil ki, biz bütün bu əlamətləri bir adamın üzərində müşahidə edək. Ola bilər ki, bu simptomların 1-2-si insanlarda fərqli formada görünsün”.