Türkiyənin Kastamonu vilayətində “Can Azərbaycana bir məktubum var” kampaniyasına start verilib. Kampaniya çərçivəsində ilk məktub şəhid valideynləri tərəfindən yazılıb.

Unikal.org xəbər verir ki, Bingöldə 2018-ci ildə terrorçuların açdığı atəş nəticəsində şəhid olan əsgər Şevki Eren Yatkının atası Əhməd və anası Zəhra Yatkın Azərbaycana məktub göndərmək qərarına gəliblər.

Kastamonunun Cide rayonunun Çayyaka kəndindən yazdıqları məktubla yola çıxan ailə Kastamonu vilayətinin mərkəzinə gəlib.

Zəhra Yatkın deyib: “Can Azərbaycana dəstək vermək üçün yola çıxdıq, 140 kilometr məsafə qət etdik. Azərbaycan öz torpaqlarını geri almaq üçün ayağa qalxıb. Onların əsgərlərinin hamısı bizim övladımızdır. Vətəni, milləti üçün savaşırlar və alnıaçıq torpaqlarını geri alırlar. Allah dövlətimizi, millətimizi qorusun. Türkün türkdən başqa dostu yoxdur. Bunu gözlərimizlə görürük”.

Oğlunu Vətən uğrunda qurban verdiyini bildirən şəhid atası Əhməd Yatkın isə bildirib: “Azərbaycandakı qardaşlarımıza mənəvi dəstək olmaq üçün məktub yazmaq istədim. Bir şəhid atası olaraq hisslərim fərqlidir, ürəyimdən gələn sözləri yazdım”.