2012-yə əlvida, bəs sonra?
2012-yə əlvida, bəs sonra?

Oqtay Haqverdiyev: “Bizim əkin sahələrinin böyük qismi elə korlanıb ki, oradan məhsul götürmək mümkün deyil”

Nazirlər Kabinetinin (NK) sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev yola saldığımız 2012-ci ili ümumilikdə müsbət saysa da, razılaşmadığı bir sıra məqamlar da var. Oqtay Haqverdiyevin sözlərinə görə, ümumilikdə il əla olub, çünki iqtisadi artım var və ölkənin valyuta ehtiyatları artıb. "İnflyasiya çox aşağı səviyyədədir, cəmi 2%-dir. Əhalinin pul gəlirləri artıb. Çox sayda obyektlər istifadəyə verilib, regionların inkişafı üzrə qəbul edilmiş dövlət proqramı həyata keçirilir",- deyə NK-nın sabiq şöbə müdiri vurğulayıb.

İqtisadi ekspert daha sonra ilin bir sıra konkret iqtisadi qərarlarını dəyərləndirib. Onun sözlərinə görə, keçən il səndləşməsi başa çatmamış evlərin probleminin həll edilməsi ilə bağlı qərarın verilməsi xüsusi önəm daşıyır: "İndi o istiqamətdə işlər gedir, Nazirlər Kabinetinin qərarı da var. O evlərin bəzilərinin tikintisi başa çatmayıb. Amma başa çatanı da var ki, insanlar yaşayır, amma strukturlar tərəfindən qəbul edilməyiblər və belə mənzillərə texniki pasport verilmir. Bunların hamısının qarşısını almaq lazımdır. İndi elə binalar var ki, sənədlə 16 mərtəbədir, amma gerçəklikdə 18 mərtəbə tikilib. Həmin binaların bünövrəsi buna dözüb-dözməməsi mütləq yoxlanılmalıdır? Buna görə bütün evlər invertarizasiyadan keçməlidir. Tikilib qurtarmamış 400-ə yaxın obyekt var ki, onlarla da bağlı böyük fırıldaqlar var".
Oqtay Haqverdiyev hökumətin Dünya Ticarət Təşkilatına girməklə bağlı siyasətini də müsbət sayıb: "Dünya Ticarət Təşkilatına girmək bizim üçün hələ də tezdir. Bizdə elə sahələr var ki, buna hazır deyil, xüsusilə kənd təsərrüfatı və bank sektoru. Sərhədləri açan kimi bura ucuz kənd təsərrüfatı məhsulları gələcək və bazarı tutacaq. Bizim kənd təsərrüfatı məhsulları onsuz da yaxşı vəziyyətdə deyil. DTT-yə üzv olan kimi bizim bazara xarici banklar gələcək, onlar elə yaxşı işləyirlər ki, bizm bankları dərhal batıracaqlar. Bizim iqtisadiyyatımız neft və qazın üzərində qurulub. Onun da satış bazarı var".
Bu baxımdan o fikirləşir ki, keçən il hökumətin kənd təsərrüfatına münasibəti doğru olmayıb: "Kənd təsərrüfatında problemlər var. İllər boyunca bu barədə söhbət getsə də, indiyə kimi kənd təsərrüfatında elə də dərin islahatlar aparılmayıb. Yeni-yeni kooperativlərin yaranması vacibdir, kənd təsərrüfatında ümumiyyətlə institusional islahatlar aparılmalıdır. Çünki balaca fermer təsərrüfatları heç vaxt effektiv istehsal sahəsi ola bilməz. Əlbəttə ki, böyük-böyük təsərrüfatlar yaranmalıdır. Belə olanda məhsulun maya dəyəri aşağı olur. Bunun üçünsə islahatlar aparılmalıdır".
Nazirlər Kabinetinin təmsilçisi ölkədə gerçəkləşdirilən kapital qoyuluşlarına da toxunub: "Cari ildə ölkə iqtisadiyyatına 22 milyard dollar sərmayə yatırılıb. Bu, çox böyük rəqəmdir və onun 90%-i daxili imkanlar hesabına gerçəkləşdirilib. Amma konkret sahələri götürəndə əlbəttə ki, fikirlər haçalanır. Yatırılan sərmayələrin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilib. Əlbəttə ki, bu lazımlıdır. Əgər iqtisadiyyatın müasir infrastrukturu olmazsa, iqtisadiyyat işləyə bilməz".
Oqtay Haqverdiyevin sözlərinə görə, bu pulların bir qismi kənd təsərrüfatına yönəldilsəydi, daha yaxşı olardı. "Bizim əkin sahələrinin böyük qismi elə korlanıb ki, oradan məhsul götürmək mümkün deyil. Meliorasiya və irriqasiya sahələrinə böyük vəsaitlər ayrılmalıdır ki, drenaj şəbəkələr yaradılsın, torpaqlarımız yuyulsun. Bunlar özü böyük pullar tələb edən sahələrdir. Hökumət belə sahələrə fikir verməlidir. Bizim pul xərcləməli olduğumuz çox sahələr var". Onun fikrincə, kapital yatırımının optimal variantı üçün investisiya siyasətinə yenidən baxılmalıdır ki, prioritetlər düzgün seçilsin.
İqtisadi Tədqiqatlar Mərkəzindən “Unikal”a bildirdilər ki, “İlin ən çox müzakirə olunan iqtisadi hadisəsi 1 yanvar 1992-ci il tarixə olan keçmiş SSRİ-nin əmanət kassalarında olan vəsaitlərin birdəfəlik kompensasiyalar yolu ilə qaytarılması qərarı olub. Uzun illərin həsrətindən sonra bu ilin ikinci yarısından başlayaraq Azərbaycan vətəndaşlarına əmanətlərin müqabilində kompensasiyalar ödənilməyə başlanılıb. Ödənilən kompensasiyaların məbləği ekspertlər tərəfindən birmənalı qarşılanmasa da, onunla razılaşan və başqa alternativə malik olmayanların böyük əksəriyyəti artıq "müasirləşdirilmiş" əmanətlərinə sahib çıxıblar.
2012-ci ilin ən yadda qalan iqtisadi hadisəsi 1993-2010-cu illər aralığında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pulun ötürülməsi ilə bağlı mərkəzi ofisi Londonda yerləşən “Tax Justice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatının “The Price of Offshore Revisited” (“Ofşor zonaların qiyməti”) adlı hesabatını açıqlanması oldu. Cəmiyyətin diqqətində olan bu açıqlamaya il ərzində rəsmilərdən heç bir şərh gəlmədi. İndiyədək oxşar faktları operativ olaraq təkzib edən rəsmilər bu dəfə ilboyu susmağa üstünlük verdilər.
İlin ən sürətli xərcləmələri “Evrovision” mahnı müsabiqəsi ilə əlaqədar oldu. Belə ki, bu müsabiqənin təşkilinə yönələn birbaşa və dolayı xərclər dövlət büdcəsinə 1 milyard dollara başa gəlib. Elə bu səbəbdən də dövlət büdcəsinin 8 aylıq yekunlarına görə, həmin dövrdə aylar üzrə ən yüksək xərcləmə aprel ayında qeydə alınıb. Bu ay ərzində orta aylıq xərcləmədən 1,5 dəfə çox, bütövlükdə 2 milyard manat vəsait xərclənib. İlin ən böyük iqtisadi problemi olan ixracı stimullaşdıra, iş yerləri yarada, diversifikasiyanı dəstəkləyə bilən rəqabət qabiliyyətli özəl sektorun bazasında qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsinə 2012-ci ildə də nail olunmadı. Bu istiqamətdə ən böyük irəliləyiş elektron xidmətlərin və bir neçə dövlət qurumlarında bir pəncərə xidmətlərinin yaradılmasından ibarət oldu. Hökümət yenə də korrupsiyanı və inhisarçılığı məhdudlaşdıran, şəffaflığı və hesabatlılığı artıran, hədəfi bütövlükdə yaxşı idarəetmə olan islahatlara getmədi. Bununla da ölkədə işsizlik kimi sosial, renta gəlirlərindən kəskin asılılıq kimi dayanıqlı maliyyə təminatı problemlərini həll edə bilmədi və onu növbəti ilə ötürdü. Beləliklə də növbəti il üçün yenə də ən çox islahatameylli istiqamətlər iqtisadiyyatın şaxələnməsi, liberallaşdırılması və modernləşdirilməsi olacaq.
İlin ən böyük maliyyə itkisi ölkəyə cəlb edilə bilməyən xarici kapitalla əlaqədar olub. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatında, xüsusilə də Avrozonada müşahidə olunan böhran böyük həcmdə kapitalın həmin ölkələrdən inkişaf etməkdə olan ölkələrə axması ilə nəticələnsə də, Azərbaycan iqtisadiyyatı bundan əhəmiyyətli dərəcədə bəhrələnə bilməyib. Rəsmi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatına cəmisi 2.6 mlrd. ABŞ dollar xarici investisiya qoyulub. Xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11.9% artsa da, onun cəmi investisiyalarda payı 23 faiz təşkil edib. Bu isə son illərin ən böyük sıxışdırma effektini yaradıb. Yəni başa çatmaqda olan il milli iqtisadiyyatımız dünya iqtisadiyyatında mövcud olan əlverişli şərtlərdən bəhrələnməməklə yanaşı, həm də daxili investisiyaların xarici investisiyaları sıxışdırması ilə də seçilib.
İlin ən böyük yeni tikililəri Bakı şəhərində Metal Konstruksiyalar zavodu, Heydər Əliyev Mərkəzi, "Baku Crystal Hall" İdman-konsert kompleksi, "Qafqaz Baku City Hotel and Rezidences" və “JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı oldu. Beləliklə də, 2012-ci ilin 11 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 12.6 milyard manat həcmində vəsait yönəldildi, 7.6 milyard manatlıq tikinti-quraşdırma işləri görüldü. Əsaslı vəsaitin 77.2 faizini və ya 9.7 milyard manatını daxili investisiyalar təşkil etdi. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 24.0 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 22.7 faiz artdı.
Ötən ilin iqtisadiyyatının maliyyə bölməsində ən çox canlanan bazar seqmenti sığorta bazarları olub. Xüsusilə də bu ildən başlayaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasına dair qanunların qüvvəyə minməsi bu bazarlarda canlanma yaranıb. Sığortanın bu növlərində yığımların həcmi əvvəlki illərlə müqayisədə dəfələrlə artıb.
Natiq