"Ağ Otel"dən dövlət məmurlarına terror edilə bilər
"Ağ Otel"dən dövlət məmurlarına terror edilə bilər

Bakı-Rostov beynəlxalq magistralının beş addımlığında yerləşən otelin təhlükə mənbəyinə çevrilməsi mümkündür

Bu gün Azərbaycanın artan beynəlxalq nüfuzu ölkəmizə təkcə dostlar qazandırmır. Heç kimə sirr deyil ki, həm regionda, həm də dünyada ölkəmizə düşmənçilik münasibəti ilə fərqlənən kifayət qədər qüvvələr mövcuddur. Onlar zaman-zaman Azərbaycanda təxribatçı əməllər və terrorlar həyata keçirməklə məqsədlərinə nail olmağa çalışıblar.

Bakı metropolitenində, Azərbaycan Dövlət Neft Akademiyasında və digər məntəqələrdə həyata keçirilmiş terror aktlarının xaricdəki bəzi qüvvlər tərəfindən idarə olunması isə sonradan təkzibolunmaz faktlarla öz təsdiqini tapıb.
Odur ki, bu mövzu hər zaman gündəmdə saxlanmalı və həm ictimaiyyət, həm də müvafiq təhlükəsizlik orqanları sayıqlığı bir an da olsun itirməməlidirlər. Elə mövzunun aktuallığını nəzərə alan "Unikal" əməkdaşı Bakı-Rostov beynəlxalq magistralının beş addımlığında yerləşən və təyinatı şübhəli imicə malik olan "Ağ Otel"in yarada biləcəyi təhlükəylə bağlı kiçik araşdırma aparıb.
Hər şeydən öncə bir məqamı vurğulayaq ki, adətən beynəlxalq əhəmiyyətli magistral yollara yaxın ərazilərdə bu kimi otellərin inşasına bir qayda olaraq icazə verilmir. Bu isə ilk öncə təhlükəsizlik tədbirləri baxımından izah olunur. Belə ki, beynəlxalq əhəmiyyətli yollardan dövlət rəsmilərinin və xarici diplomatların mütəmadi olaraq istifadə etdiklərini nəzərə alan təhlükəsizlik orqanları yaxınlıqda hər hansı obyektin (o ki, qala otelin-müəllif) inşaasına həssaslıqla yanaşırlar. Bir qayda olaraq həmin yolun kənarında tikilməsi nəzərdə tutulan obyektlərin inşaası ilə bağlı bir neçə dövlət qurumları rəsmi icazə verməlidirlər. Hər halda beynəlxalq təcrübədə bu belədir.
Amma Azərbaycanda kimsəyə bəlli deyil ki, "Ağ Otel" indi yerləşdiyi ərazidə inşa olunarkən ona icazəni hansı qurumlar verib, bu təhlükəsizlik orqanlarıyla razılaşdırılıb ya yox? Bəlli olan isə odur ki, "Ağ Otel" nəzəri olaraq Bakı-Rostov magistralından istifadə edən dövlət məmurlarına terror edilə bilinməsi üçün ideal məkan sayıla bilər. Qeyd edək ki, adıçəkilən istirahət mərkəzi yola kifayət qədər yaxındır və otelin yola baxan istənilən otağının pəncərəsindən nəinki ən müasir silahlarla hətta ov tüfəngiylə belə hərəkət edən obyekti vurmaq mümkündür. Magistral yola baxan otaqların pəncərələrinin tünd qara rəngdə olması (bunun niyə belə olması da ayrıca araşdırıla bilər-müəlif) isə şərti "terrorçu" üçün əlavə üstünlük qazandıran amil kimi çıxış edir.
Digər nəzərə alınmalı vacib nüanslardan biri isə "Ağ Otel"in priton kimi istifadə olunması və buraya istənilən şəxsin rahatlıqla girərək otaq kirayələyə bilməsidir. Belə olan halda gəlin nəzəri baxımdan belə bir sitiuasiya fərz edək: "Tutaq ki və tamamilə mümkündür ki, Ermənistanın xüsusi xidmət orqanlarının pulla ələ aldığı qadın və kişi olmaqla iki nəfər xarici vətəndaş "rahatlanmaq" məqsədilə "Ağ Otel"in magistral yola baxan, tünd qara şüşələrlə mühafizə olunan otaqlarından birini kirayələyir. Sonrasını isə özünüz düşünün, nələr ola bilər cənablar?".
Hesab edirik ki, bütün bu incə nüanslar hüquq-mühafizə orqanlarının diqqətindən yayınmamalı və səsləndirilən versiyalar konkret olaraq yerindəcə araşdırılmalıdır. Məlumat üçün bildirək ki, "Ağ Otel" Masazır qəsəbəsində yerləşir və inzibati ərazi bölgüsünə görə Abşeron rayonunun ərazisidir. Elə bu səbəbdən də Abşeron rayon Polis İdarəsinin rəhbərliyinin də mövzuya həssaslıqla yanaşacağını düşünürük.
Qeyd edək ki, biz "Unikal" olaraq mövzunun aktuallığını və dövlətçilik baxımından əhəmiyyətini nəzərə alaraq məsələyə yenə qayıdacağıq.
Natiq Rəhimli