“İsa Qəmbər səmimi çıxış etmir”
“İsa Qəmbər səmimi çıxış etmir”

Asəf Quliyev: “ Müxalifətinin birliyini pozan insanlara qarşı ictimai qınaq olmalıdır”

İctimai Palatanın əsas sütunlarından olan Müsavat Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak etmək barədə qərar qəbul edib. Bu qərardan sonra İctimai Palatada və o cümlədən müxalifət daxilində yarana biləcək siyasi situasiya barədə suallarımızı AXCP sədrinin müavini Asəf Quliyev cavablandırır.

-Müsavat Partiyasının Məclisində çıxış edən İsa Qəmbər bildirib ki, prezidentliyə öz namizədliyini irəli sürməkdə israrlıdır...
-2010-cu ildə keçirilən parlament seçkilərindən sonra İctimai Palata yarananda öz qarşısına həmin seçkilərdə yol verilmiş saxtakarlıqların nəticələrini aradan qaldırmaq məqsədi qoymuşdu. Hazırda isə situasiya dəyişib və İctimai Palata prezident seçkiləri ərəfəsindədir. Qarşıdan gələn bu seçkilərə də İctimai Palatanı təşkil edən iki əsas siyasi partiya – AXC və Müsavat partiyaları arasında müxtəlif baxışlar var. Biz AXCP olaraq istəyirdik ki, İctimai Palata, Azərbaycan Ziyalılar Forumu və kənardakı digər siyasi partiyalar birlikdə vahid namizəd məsələsini müzakirə etsin və bu problem həll edilsin. Ancaq Müsavat Partiyası məsələyə fərqli yanaşdı. Onlar hesab edirlər ki, seçkilərdə öz namizədləri ilə iştirak etməlidirlər. Və sözsüz ki, bu addım Müsavat Partiyasının daxili işidir və biz buna normal yanaşırıq. Amma həm də hesab edirik ki, hələ ki namizədliyin irəli sürülməsi önəmli addım deyil. İndiyə qədər Azərbaycanda keçirilən seçkilərin hamısının şahidi olmuşuq. Həmin seçkilərdə müxtəlif partiyalar öz namizədləri ilə çıxış ediblər və nəticəsi də göz qabağında olub. Düşünürük ki, indiki vəziyyətdə vahid namizəd məsələsi həll olunardısa, bu daha effektli olardı. Amma Müsavat Partiyası buna getmirsə və birmənalı şəkildə öz namizədini irəli sürürsə, buna bir söz deyə bilmərik. Hər bir partiya öz namizədini irəli sürə bilər.
-Müsavatın başqanı öz çıxışında bildirib ki, İctimai Palatada əvvəlcə ölkədə demokratik seçki mühitinin yaradılması ideyası irəli sürülür. Və başqan hesab edir ki, son iki ildə bu istiqamətdə aparılan mübarizə nəticəsiz qalıb, siyasi mübarizə üsulları dəyişdirilməlidir... Ümumiyyətlə, İctimai Palata ölkədəki demokratik mühitin formalaşdırılması yönündə hansı işləri görə bilib?
-Bu istiqamətdə apardığımız mübarizənin nəticəsiz qalmasının başlıca səbəbi son iyirmi ildə keçilmiş yolun spesifikası ilə bağlıdır. Bu iyirmi ildə keçirilmiş seçkilərin hamısı ciddi şəkildə analiz edilməlidir. İstər prezident seçkiləri olsun, istər parlament, istərsə də bələdiyyə seçkiləri olsun. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, prezident seçkilərinə görə vahid namizəd məsələsi mütləq həll edilməlidir. Camaat bu prizmadan yanaşır ki, müxalifət bir araya gəlib vahid namizəd məsələsini həll etsin. 1998-ci ildə Azərbaycan müxalifətinin seçkilər vasitəsilə hakimiyyəti əldə etmək üçün böyük şansı var idi. Allah rəhmət eləsin, o vaxtlar Əbülfəz Elçibəyin bu seçkiləri udmaq üçün şansı çox yüksək idi. Açığını demək lazımdır ki, XX əsrin sonu və XXI əsrin əvvəllərində Əbülfəz Elçibəy qədər nüfuzlu milli lider olmayıb. Buna baxmayaraq, 98-ci ildə vahid namizəd məsələsində Elçibəyə güzəştə gedilmədi. Ondan sonrakı dövrlərdə keçirilən seçkilərin hamısında müxalif siyasi partiyaların hamısı bir araya gəlib vahid namizəd problemini həll edə bilməyiblər. Və təəssüf ki, eyni proses bu gün də təkrar olunur. Yəni siyasi partiyalar cəmiyyətin istəyini nəzərə alıb buna uyğun addımlar atmır. Bu gün Azərbaycan cəmiyyətində müxalifətin vahid düşərgədən çıxış etməsi tələbi ön plandadır. Təəssüf edirəm ki, bu seçkilərdə də cəmiyyətin bu tələbinə əməl edilməyəcək. Eyni zamanda demokratik seçkilər keçirmək üçün mühitin yaradılması da, sözsüz ki, müxalifətin əsas işlərindən biri olmalıdır. İndi deyəcəklərim mənim şəxsi fikrimdir, AXCP - mənsubu kimi mövqeyim deyil: müxalifətin Azərbaycanda demokratik seçki mühiti yaratması mümkün deyil. Ona görə də, mənə elə gəlir ki, indiyə qədər keçirilən seçkilərin hamısında eyni sözlər və eyni ideyalar təkrar edilir. Azərbaycan kimi ölkələrdə müxalifətin vahid qurumu və vahid platforması olmalıdır. Bunu dünyanın indiki reallıqları da sübut edir. Ərəb ölkələrində gedən proseslərə diqqət etsək, bunun bir daha şahidi olarıq. Qonşu Gürcüstanda da müxalifət vahid blokda birləşəndən sonra parlament seçkilərində qələbə qazana bildi. Bu gün Suriyanın özündə də eyni inteqrasiya prosesləri getdiyindən Əsəd rejiminə qarşı müqavimət göstərmək mümkün olur. Azərbaycanın müxalifəti birləşmək praktikasını mükəmməl şəkildə yiyələnməlidir. Çox təəssüf ki, Azərbaycanda partiya sədrləri hələ bu elementar həqiqəti dərk eləmək istəmirlər ki, ölkədə köklü dəyişikliklərə nail olmaq üçün mütləq müxalifətin vahid birliyi lazımdır. Buna da getmirlər. Ona görə də Azərbaycan cəmiyyəti qəbul etməlidir ki, indiki mərhələdə vahid namizəd məsələsini həll etmək mümkün olmayacaq. Azərbaycan müxalifətinin birliyini pozan insanlara qarşı ictimai qınaq olmalıdır, buna qarşı cəmiyyətdə bir təpgi olmalıdır. Və bu zaman görərik ki, cəmiyyət artıq müxalifətin bu gedişlərindən bezib. Kim daha çox birləşdiricidirsə, cəmiyyətdə daha çox nüfuz sahibidirsə, cəmiyyətin bir araya gəlməsini və Azərbaycanın demokratik inkişafını görmək istəyirsə, cəmiyyət də o lideri müdafiə etməlidir.
-Müsavat Partiyası prezident seçkiləri ilə bağlı dəst-xəttini ortalığa qoydu və bununla da İctimai Palatanın bundan sonrakı fəaliyyətində problemlər yarana bilər. Sizcə, bu qurum bundan sonra nə iş görəcək və ona artıq ehtiyac qalırmı?
-Düşünürəm ki, bundan sonra İctimai Palataya müyyən qədər ehtiyac var. Hələ prezident seçkilərinə çox var. İsa Qəmbər də İctimai Palatada etdiyi çıxışların birində bildirmişdi ki, “Gələcəkdə kim güclü olarsa, ola bilər ki, mən onu müdafiə eləyim”. Onun belə bir çıxışı olub. Düşünmürəm ki, bu, doğrudan da, tam səmimi bir çıxışdır. Əgər vahid namizəd məsələsi həll oluna bilərdisə, indiki zamanda tələm-tələsik şəkildə namizədliyin irəli sürülməsi düzgün addım deyildi. Hər halda, bu dediklərim mənim şəxsi fikrimdir. Bununla belə, hesab edirəm ki, İctimai Palatanın qalması müəyyən dərəcədə inkişafa səbəb ola bilər. Ola bilər ki, gələcəkdə İsa Qəmbər reallığı görüb fikrini dəyişdirdi. Biz çalışacağıq ki, İctimai Palatanın varlığını qoruyub saxlamaqla cəmiyyətdə birləşdiricilik tendensiyasını qoruyub saxlaya bilək. Ziyalılar Forumudur, qeyri-hökumət təşkilatlarıdır – bunları bir araya gətirməyə ümidlər var. Güman edirəm ki, hələ heç nə itirilməyib. Bəlkə də, cəmiyyətin əsas qüvvələrini bir araya gətirməyə nail ola bildik. İctimai Palatanın indiki şəkildə qalması bizim üçün maraqlıdır. Sözsüz ki, biz sona qədər çalışacağıq ki, AXCP-nin öz qarşısına qoyduğu seçki strategiyasını həyata keçirdək. Amma indiki halda, tutaq ki, Müsavat Partiyası tələm-tələsik şəkildə prezidentliyə öz namizədini irəli sürürsə, biz İctimai Palatanı buraxmalıyıq, buna da düzgün baxmırıq. Ola bilsin ki, proseslər hələ indi-indi start götürdüyündən cəmiyyətdə heç kimin gözləmədiyi hadisələr baş versin. Bunların hamısı siyasi proseslərə təsir edəcək. Mənə elə gəlir ki, bir iki-üç ay gözləyib birləşmə prosesinə rəvac vermək lazımdır. Bu proses müsbət nəticələrə gətirib çıxartmazsa, digər variantlar barədə düşünmək olar.
-Müsavat Partiyasının aldığı qərara AXCP-nin cavabı nə ola bilər?
-AXCP istər Müsavat Partiyası olsun, istərsə də digər partiya, hər hansı bir cavab addımı atmaq niyyətində deyil. Bizim siyasi kursumuz bu hadisələrə görə müəyyənləşmir. Biz ötən il seçki strategiyamızı elan etmişik. Biz bu strategiyadan irəli gələn siyasi xəttə sadiqik və onu davam etdiririk. Bu gün Müsavatın və yaxud başqa bir partiyanın seçkilərlə bağı qəbul etdiyi qərarlar bizim seçki strategiyamızı dəyişdirə bilməz. Vahid namizəd barədə düşünmək AXCP üçün çox tezdir. Biz prezidentliyə namizəd olmaq xatirinə namizəd irəli sürməyəcəyik. Əgər demokratik seçki mühiti yoxdursa və indiki seçki strukturları yerində qalacaqsa, belə bir şəraitdə seçkilərə getməyin mənası varmı? Biz AXCP olaraq heç kimin legitimliyi üçün oyuncağa çevrilməyəcəyik. Hansı partiya hansı oyunu oynayırsa, özü bilər, amma mən bunu birmənalı şəkildə elan edirəm. Bu həm də AXCP-nin mövqeyidir. Sözsüz ki, biz öz xəttimizi davam etdirəcəyik. Biz bu ilin may ayında şəraitə uyğun olaraq seçki ilə bağlı qərarımızı açıqlayacağıq.
-Müşahidəçilərin fikrincə, Azərbaycanda baş tutan seçkilərdən öncə Müsavat Partiyası həmişə müxalifəti parçalayan güc kimi çıxış edir. Bu fikirlə razısınızmı?
-Müsavat Partiyasına qarşı belə bir ittiham irəli sürmək qeyri-etik olardı. Müsavat bir partiya kimi istədiyi qərarı qəbul edə bilər və kiminsə ona irad tutmaq haqqı da yoxdur. Amma vurğuladığınız ittiham sosial şəbəkələrdə geniş şəkildə müzakirə edilir və maraqlananlar həmin müzakirələrlə tanış ola bilərlər.

Söhbətləşdi: Savalan