Elman Rüstəmov qərarının arxasında dura biləcəkmi?
Elman Rüstəmov qərarının arxasında dura biləcəkmi?

İri məmurların banklar uğrunda müharibəsi şiddətlənəcək

Azərbaycanda bank sektorunun önəmli hissəsinin bəzi iri məmurların əlində cəmləşdiyini bilməyən yoxdur. Amma əgər Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bir neçə ay əvvəl verdiyi qərarın arxasında durarsa, bəzi yüksək vəzifəli şəxslərin himayə etdiyi bankların ilin sonunadək çöküşü, qapadılması qaçılmaz olacaq və bank sektoru sadəcə bir neçə oliqarxın tam nəzarətinə keçəcək.
Söhbət ondan gedir ki, ötən ilin payızında AMB-nin yeni qərarı ilə 2013-cü il dekabrın 31-dək Azərbaycanda fəaliyyət göstərən bütün bank təşkilatları məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalıdır. Hazırda isə bu minimal tələbnamə 10 mln. manat təşkil edir. Yəni indikindən 5 dəfə çox məcmu kapitala malik bankların fəaliyyətinin davam etdirməsinə yaşıl işıq yandırılacaq.
Artıq bəri başdan bir çox iri məmurların bu xüsusda narazılıqları var. Səbəb də aydındır: onların Elman Rüstəmovun müəyyənləşdirdiyi yeni məcmu kapitala malik olmaq imkanları xeyli aşağıdır, belədə isə həmin bankların ya müflisləşdiyini elan edərək bağlanmaqdan, ya da daha ranqı oliqarxların nəzarətindəki banklara birləşməkdən başqa yolları qalmır.
Ölkənin "baş bankir"inin bir neçə ay əvvəlki qərarının arxasında durması şübhə doğurmur. Yəni yeni məcmu kapital məbləğindən narazı qalan iri məmurların Elman Rüstəmova təsir və təzyiq imkanları yüksək qiymətləndirilmir. Onların hökumət daxilindəki çəkisi AMB sədrini 50 milyon manatlıq məcmu kapitalı aşağı endirməyə məcur edəcək ağırlıqda deyil.
Amma başqa bir gerçəklik var. AMB-nin məlum qərarından sonra çıxış yolunu hansısa iri banklara (hansı ki, onlar daha güclü bəzi oliqarxlar tərəfindən qeyri-rəsmi şəkildə idarə edilir) birləşməkdə görən nisbətən kiçik, zəif banklar bununla ölkənin "baş bankir"inə pis sürpriz edə bilərlər. Söhbət nədən gedir?
Bank birləşmələri nəticəsində bəzi bankların gücü daha da arta bilər ki, bu, heç də AMB sədrinin maraqlarına cavab vermir. Xüsusilə Elman Rüstəmovla "soyuq savaş"da olan bəzi oliqarxların bank sektorunda gücünü, çəkisini artırması "baş bankir"i əsla məmnun edə bilməz.
Zaman-zaman mətbuatda Elman Rüstəmovun onunla ixtilafda olan bəzi oliqarxların bank sektoruna nüfuz etməsinə mane olduğu, ya da bankçılıqda daha da güclənməmələrinə mümkün hüquq vasitəsilə əngəllər yaratdığı yönündə KİV-də məlumatlar, iddialar özünə yer alır. Və bu da ölkənin "baş bankir"inin yuxarıda haqqında bəhs etdiyimiz narahatlığı yaşaya biləcəyinə dair fərziyyəni qüvvətləndirir: 50 milyon manatlıq məcmu kapital tələbini yerinə yetirmək gücü olmayan bankların gedib AMB sədri ilə intriqada olan bəzi oliqarxların banklarına birləşməsi, beləliklə, həmin oliqarxların bank sektorunda güclərinə güc qatmaları kifayət qədər real olduğundan Elman Rüstəmov payızda verdiyi qərara yenidən baxa bilər.
Yəni 50 milyon manatlıq məcmu kapital tələbnaməsinin bir qədər aşağı endirilməsi, nisbətən kiçik banklar üçün əlçatan edilməsi realdır. Bununla həmin bankların hansısa oliqarxların banklarına birləşmək ehtimalı aradan qalxmış ola bilər.
Hərçənd bəzi maliyyəçilər Elman Rüstəmovun iradəsindən asılı olmayaraq, onsuz da yaxın 1 il ərzində ölkədə xeyli bankın ləğv edilərək və yaxud birləşdirilərək, ümumi bank sayının 20 civarına endiriləcəyi ehtimalından danışırlar. Yəni hər bir halda bank sektorunda gözlənilən gəlişmələrin AMB sədrini daxilən məmnun edəcəyi real görünmür.

Ülviyyə Qasımlı