"Azercell"ə yeni şok ittihamlar
"Azercell"ə yeni şok ittihamlar
Bu mobil operatorun tarif siyasəti tənqid edilir: "Bizi necə aldadırlar?"

"Azərbaycanda bəzi mobil operatorların müştəri cəlb etmək üçün əl atmadıqları yol qalmayıb. Söhbət konkret olaraq "Azercell Telekom" MMC-dən gedir. Əgər mahiyyətə varsaq, burada əxlaqdan əsər-əlamət yoxdur. Halbuki zahirən hər şey çox əxlaqlı görünür". Bu barədə ann.az saytının araşdırmasında bildirilir.
Araşdırmada daha sonra oxuyuruq: "Şirkətin elanlarında car çəkilir: "Ölkə daxilində 1 dəqiqə - 5 qəpik tarifi ilə danış!". Digər reklam bukletləri elan verir: "SimSim abonentləri üçün yeni nəhəng kampaniya". "Bütün Azərbaycana bağlan!", "Yay kampaniyası", "Həccə gedənlər üçün kampaniya" - "Azercell"in reklam menecerləri nələr düşünmürlər. Məqsəd isə sadədir - insanlardan pul qoparmaq. Yox, bu, görünür, sözügedən mobil operatorun addımlarının düzgün şərhi deyil. Məqsəd adi xidmətlər üçün insanlardan maksimum pul qopartmaqdır, halbuki bu xidmətlər Azərbaycanda və xaricdəki, xüsusən də uzaq xaricdəki anoloji operatorların xidmətlərindən heç nə ilə fərqlənmir.
"Azercell" şirkətinin tarif siyasətinə nəzər salaq. Əksər reklam aksiyalarının məqsədi adi istehlakçıları cəlb etmək, onları maraqlandırmaq, kampaniyaya qoşulmağa vadar etmək, danışığın müəyyən hissəsinə görə azca pul ödəyib, sonra ondan kifayət qədər pul qırmaqla guya ona həmin danışığın pulsuz dəqiqələrini təqdim etməkdir. Məsələn, ötən il "Azercell" "Bütün Azərbaycana bağlan!" paketini təqdim etdi. İlk baxışdan hər şey yaxşı görünür, guya tarif paketindən asılı olmayaraq, əvvəlcədən ödəniş edən "Azercell" (SimSim) abonentləri bütün Azərbaycanla dəqiqəsi 5 qəpik tarifi ilə danışacaqlar! Amma bunun ardınca kələk gəlir - kampaniyaya qoşulmaq üçün 5 manatdan çox dəyəri olan kart yükləməlisən. Sual olunur: niyə? Axı özünüz elan etmişdiniz: "tarif paketindən asılı olmayaraq". Amma sadə istehlakçıları növbəti şirnikləndirici elanla "alırlar": kartın yükləndiyi andan etibarən-bütün "Azercell" abonentləri 30 gün müddətində ölkə daxilində 1 dəqiqə - 5 qəpik tarifi ilə danışacaqlar VƏ HEÇ BIR ƏLAVƏ GÖZLƏNİLMƏZ XƏRC OLMAYACAQ! Necə yəni? Daha hansı gözlənilməz xərclərdən söhbət gedə bilər? Axı təklifin özündə xərclərlə bağlı onsuz da sərt tələblər gizlənir.
Hacılar üçün də "Azercell" olduqca orijinal təklif edir. Yenə də hər şey sevindirici şəkildə təqdim olunur: Azərbaycandan müqəddəs həccə yollanan ziyarətçilər üçün xüsusi güzəştli kampaniyaya görə, onlar güzəştli rominq xidmətlərindən istifadə edə biləcəklər. Bu müddət ərzində abonentlər üçün bütün istiqamətlər üzrə zəngin dəyəri danışığın 1 dəqiqəsi üçün 0,70 qəpikdir. Eyni zamanda istənilən istiqamətdə 1 SMS-in dəyəri - 10 qəpikdir, internetin hər 1 MB trafiki üçün 70 qəpik tarif tətbiq olunacaq. Allahla ünsiyyətə girdiniz, cənab ziyarətçilər, indi isə Azərbaycandakı qohumlarınızla hər dəqiqə danışmaq üçün xeyli pul ödəyin. Yaxşıdır, hə? Həcc - müqəddəs işdir və bütün mömin müsəlmanlar, heç olmasa, ömürlərində bir dəfə həccə getməyi arzulayırlar. Bu, həm də böyük xərcdir və buna görə də ona xeyli hazırlaşırlar. Amma icazə verin, soruşum, Səudiyyə Ərəbistanından Azərbaycana olunan zənglərin dəyərinin məsələyə nə dəxli var? O dəxli var ki, "Azercell" üçün, görünür, heç bir fərqi yoxdu, söhbət ziyarətçidən gedir, ya sevgili cütlükdən, evdar qadından ya dövlət qulluqçularından, onların hamısı bu mobil operatorun xidmətindən Azərbaycanda tətbiq etməyi özlərinə rəva bildikləri yırtıcı şərtlərdə istifadə edəcəklər. Yəni, günah "Azercell"in xaricə və oradan əksinə zənglərin gerçəkləşdirilməsinə yardım edən əcnəbi tərəfdaşlarında deyil, yerli şirkətin özünün tarif siyasətindədir. Azərbaycan KİV-ləri dəfələrlə əcnəbi şirkətlərə, məsələn, Rusiya operatorlarına müraciət edib ki, oradakı abonentlərlə mobil rabitə danışıqlarının nə üçün bu qədər baha olduğunu öyrənsinlər. Və onlara dəfələrlə belə bir cavab verilib ki, problem rabitədə deyil, Azərbaycan operatorlarının buraxılış trafiki üzrə xidmətlərinin dəyərindədir. Yəni, bir tərəfdən, "Azercell" əcnəbi şəhərlərlə danışıqlar üçün maksimal ödəniş müəyyən edir, digər tərəfdən, bu tarifləri ölkə əhalisinə inqilabi dərəcədə cüzi qiymətlər kimi təqdim edir.
Yaxşısı budur, "Azercell"in regional siyasəti barədə danışaq. Bu yaxınlarda şirkət Gəncədə yeni Ekspress-ofis açıb, konsert təşkil edib və Gəncə regionunda yeni kampaniya barədə elan verib. İndi isə diqqət edin: "Azərcell"in elan elədiyi kampaniya çərçivəsində Gəncədə pulsuz "Samsung" telefonu ala biləcəklər. Təkrar edirik: pulsuz. Aksiyanın şərtlərinə görə, 29 oktyabr 2012-ci ildən Gəncədə "Samsung GT-E1200M" telefonu alan hər kəsə ödədiyi məbləğ qaytarılır. Yox, sevinməyə tələsməyin. Heç kəs sizə real məbləği qaytarmağa hazırlaşmır. Sadəcə, bu məbləğ hər ay 3 manat məbləğində olmaqla sizin balansınıza yüklənəcək. Beləliklə, potensial abonentin bu telefona nə qədər pul ödəyəcəyi, bu aparatın uzaq xaricdə neçəyə olması və "Azercell"in onu neçəyə təqdim etməsi barədə düşünək. Qoy hələ aksiyanın bu kampaniyasına qoşulmamış adamlar da bu barədə düşünsünlər. Bu fırıldaq oyuna cəlb olunan istehlakçılara isə yalnız acımaq olar. Onlara isə "Samsung GT-E1200M" telefonuna yaxşıca pul verdikləri, əvəzində isə "Azercell"dən müəyyən məbləğdə sədəqə aldıqları üçün sevinmək qalır.
Nəticələrə baxaq. Bütün mobil operatorlar üçün vahid strategiya yoxdur. Hər bir şirkət özlüyündə unikaldır, buna görə də, strategiyanın işlənib hazırlanması prosesi bazardakı mövqedən, inkişaf dinamikasından, potensialdan, rəqiblərin davranışından, istehsal olunan malın xarakteristikasından və ya gösətirlən xidmətlərdən, iqtisadiyyatın vəziyyətindən, mədəni mühitdən və s. asılıdır. Amma bununla yanaşı, heç kəs korporativ etika, dürüstlük və əxlaqlılıq anlayışlarını ləğv etməyib..."
Günel Əkbər