Vətən müharibəsində qəhrəmancasına şücaət göstərən igidlərimizdən biri də şəhid baş leytenant Həsən Rzazadədir.

Unikal.org  xəbər verir ki, Həsən 1994-cü il iyunun 15-də Bakıda hərbçi ailəsində anadan olub. Əslən Zəngilan rayonundan olan igidimiz uşaqlıqdan hərbiyə maraq göstərib. Arzusuna çatan baş leytenantımız Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib.

Atası Vüqar Rzayevin sözlərinə görə, Vətən müharibəsi başlayan ilk gündən oğlu könüllü olaraq döyüşlərə qatılıb. O, Zəngilan-Qubadlı-Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Həsən Rzazadə bir neçə vacib yüksəkliklərin azad olunmasında birbaşa iştirak edib. Düşmənin canlı qüəvvəsini məhv edib, bir neçə texnikasını sıradan çıxarıb.

O bildirib ki, Həsən daim Zəngilanın işğaldan azad olunmasında onun da xidmətinin olmasını arzulayıb. Elə bu arzusuna çatdıqdan sonra şəhid olub. 

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən Həsən Rzazadə ''Qarabağ'' ordeni ilə təltif olunub.