Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan - İlham Əliyev” adlı onlayn formatında  elmi-praktiki konfrans keçirildi.

Unikal.org xəbər verir ki, konfransı giriş sözü ilə açan  Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Millət vəkili Cavid Osmanov cənab Prezident İlham Əliyevə doğum günü münasibətilə xoş arzularını bildirərək onun 17 illik prezidentliyi dövründə görmüş olduğu misilsiz işlərin geniş təhlilini apardı.
Millət vəkili Cavid Osmanov Prezident İlham Əliyevin strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirərək  “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olduğunu qeyd etdi.
Cənab  İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi - güclü Azərbaycan dövlətinin formalaşdırılması, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi sistemin,  sosial, mədəni infrastrukturun yaradılması, müasir cəmiyyət quruculuğu, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi, əhalinin sosial rifahının təmin edilməsi, sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi və həyata keçirilməsi idi.
Hər zaman güclü və müasir ordu quruculuğunu prioritet tutuan cənab Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusundan birinə çevirdi. 44 günlük Vətən müharibəsi isə  Azərbaycan dövlətinin, ordumuzun gücünü bir düşmənə deyil, bütün dünyaya nümayiş etdirmiş oldu. 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan torpaqlarımız  “Dəmir Yumruq əməliyyatı” nəticəsində düşmən işğalından azad edildi və  ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Məhz bu səbəbdən müzəffər Ali Baş Komandan cənab İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.
Daha sonra video-konfransda Yeni Azərbaycan Partiyası rayon təşkilatı Şurasının üzvləri Şəhla Hacıbalayeva və Anar Şahmuradov, partiya fəalı Ayaz Kərimov çıxış edərək cənab Prezident, müzəffər Ali Baş Komandanın xalqımızın firavanlığı və ölkəmizin ərazi bütövlüyü naminə həyata keçirdiyi düşünülmüş uğurlu siyasətindən bəhs etdilər.
Bundan sonra video-konfrans qarşılıqlı müzakirələr formasında davam etdirildi.