Qocalar evində dəhşətli anlar
Qocalar evində dəhşətli anlar

Ədilə xanım Qocalar evini deyəsən özünün şəxsi mülkü hesab edir

Ölkə mətbuatında Buzovna qəsəbəsində yerləşən 9 saylı Qocalar evində baş verənlər barədə mütəmadi olaraq materiallar dərc edilir. Lakin hansısa sirli qüvvə direktor Ədilə Əliyevanı həmişə sudan quru çıxarır. Baxmayaraq ki, dərc edilən materiallarda söhbət ciddi faktlardan gedir, heç bir qurum göstərilən faktları araşdırmağa belə cəhd eləmir.

Ədilə xanım isə rəhbərlik etdiyi müəssisədə baş verənlərə münasibət öyrəndikdə həmişə eyni cavabı verir. " Yazdıqlarınız yalandır".
Bu mənada direktorla haradasa razılaşmaq olar. Çünki adı çəkilən müəssisəyə daxil olub orada baş verənləri yerində araşdırmaq tamamilə mümkünsüzdür. Bu baxımdan nəyin həqiqət, nəyin yalan olmasını qeyd etmək müşkülə çevrilir. Amma ən dəqiq qiyməti zaman verir. Vaxt keçdikcə artıq cidanı cuvalda gizlətmək mümkün olmur. Dediklərimizi sübuta yetirmək üçün faktlara söykənən məlumatları oxucularımızın çatdırmaq istəyirik.
"Kaspi" qəzetinin 18 dekabr 2012-ci il tarixli sayında araşdırma aparılıb və bu günə kimə qaranlıq qalan çoxlu məqamlara aydınlıq gətirib. Araşdırmada göstərilir ki, Hacıqabul rayonundan olan 54 yaşlı Məryəm Qulamovanın (ad şərtidir) tükürpədici həyat hekayəsi ilə tanış olarkən yerlərdə vətəndaşların başına gətirilən müsibətlərin hansı həddə çatdığını anlamaq o qədər də çətin deyil. Xüsusilə də dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına yaşamaq hüququ olan vətəndaşların acınacaqlı durumu göz qabağındadır. Adı çəkilən məqalədə el arasında Qocalar evi kimi tanınan Buzovnadakı müəssisənin rəhbəri Ədilə Əliyevanın qanunsuz əməlləri barədə ətraflı məlumat verilir. Özü də bu məlumatı verən nə az, nə çox, yeddi ilə yaxın Ədilə Əliyevanın rəhbərliyi altında işləyən qadın deyir. Onun dediklərini olduğu kimi qeyd edirik. " Bizə qarşı haqsızlıq var idi. Yaxşı yeməklər verilmirdi. Xəstələrlə,qocalarla yaxşı rəftar olunmurdu. Mən bütün bu narazılıqlarla bağlı direktora şikayət etdim. Bu da onun xoşuna gəlmədi. Mənə yenidən xəstəxanaya yolladılar". Buyurun Ədilə xanım! Siz həmişə mətbuatı qərəzlilikdə, faktlara söykənməyən məlumatlar dərc etməkdə ittiham edirsiniz. Bəs buna cavabınız varmı?
Nəzərə almaq lazımdır ki, kimsəsiz qadının söylədikləri Qocalar evində cərəyan edən özbaşınalığın sadəcə kiçik bir hissəsidir. Baş verənlərin böyük bir qisminin araşdırılması mümkün olmadığı üçün hələ də qaranlıq mətləblər qalmaqdadır. Zarafat deyil, Ədilə xanımın on illərlə ölçülən təcrübəsi var. O, bütün ekstremal vəziyyətlərdən çıxmağın yolunu məharətlə bacarır. Yəqin ki, bu dəfə də nəsə fikirləşib bu məlumatları təkzib etməyə nail olacaq. Amma həqiqəti çuvalda gizlətmək uzun müddət mümkün olmayacaq. Yəqin ki, Buzovnadakı Qocalar evinin qos-qoca sirrləri bir gün açılacaq.
Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ölkə mətbuatı tərəfindən vaxtaşırı tənqid atəşinə tutulur. Xüsusilə nazir Füzuli Ələkbərovun tabeçiliyində olan təşkilatlarda baş verənlər mətbuatın diqqətindən yayınmır. Uzun müddət apardığımız müşahidələr və araşdırmalar onu deməyə əsas verir ki, adı çəkilən nazirlik barədə yayılan mənfi məlumatların kökündə yerlərdəki rəhbər işçilərin özbaşınalığı və qanunsuz əməlləri dayanır. Amma nədənsə ƏƏSMN-in rəsmiləri tabeçiliyində baş verənləri ya anlamır, ya da anlamaq istəmirlər.
Yeri gəlmişkən, əldə etdiyimiz məlumatlara görə, Ədilə Əliyevanın güclü dayaqları var. Məhz həmin şəxslərin köməkliyi sayəsində Ədilə Əliyeva uzun müddətdir qanunsuz əməllərini davam etdirir.
Mətləb