ABŞ-la Rusiyanın Qarabağ narazılığı
ABŞ-la Rusiyanın Qarabağ narazılığı

"ABŞ Rusiya ilə Dağlıq Qarabağ münaqişəsi kimi regional məsələlər üzrə daha fəal əməkdaşlıq etməyə hazırdır"

Bu günlərdə ABŞ-da Azərbaycanla bağlı qapalı toplantı keçirilib. Toplantıda ehtimal olunur ki, 2013-cü ildə Azərbaycanda keçirilən seçkilər, mövcud siyasi durum və demokratik islahatların keçirilməsi müzakirə olunub. Bu müzakirənin sonu olaraq Ağ evdən maraqlı açıqlama gəlib. Gəlin öncəliklə bu açıqlamaya diqqət ayıraq.
Rusiya ilə fikir ayrılığı olmasına baxmayaraq, ABŞ Administrasiyası müxtəlif məsələlər üzrə ikitərəfli əməkdaşlığa hazırdır.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.
"Biz Rusiya ilə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə daha fəal əməkdaşlıq etməyə çalışır, istər ikitərəfli münasibətlər, istər Dağlıq Qarabağ münaqişəsi kimi regional, istərsə də İran, Əfqanıstan, Suriya və s. qlobal məsələləri müzakirə edirik.
Bununla belə, fikir ayrılığı olduqda biz tam aydın və açıq şəkildə öz mövqeyimizi bəyan etmək niyyətindəyik. Hal-hazırda Rusiya ilə fikir ayrılığı insan haqları, Rusiyada demokratiyanın vəziyyəti, Suriyadakı durum və s. məsələlər üzrə yaşanır", - deyə Viktoriya Nuland qeyd edib.Sözsüz ki, bizi maraqlandıran məsələ Dağlıq Qarabağ məsələsidir və Dağlıq Qarabağ məsələsində iki nəhəng dövlətin hansı məsələlərdə fikir ayrılığına gəldiyini aydınlaşdırmaq maraqlı olardı. Gəlin bunun üçün ilk növbədə bu dövlətlərin Dağlıq Qarabağ probleminin yaranmasındakı statuslarına baxaq. ABŞ-dan fərqli olaraq Rusiya Dağlıq Qarabağ probleminə daha yaxındır və problemin yaranmasında bir başa iştirak edib. Xatırladaq ki, Dağlıq Qarabağda ermənilərə Rusiya ordusu açıq şəkildə dəstək olmuşdu və Xocalı soyqırımında Rusiyanın da iştirakı açıq-aydındır. Deməli Rusiya bu gün Dağlıq Qarabağ probleminə kənar bir problem kimi baxmır və bu məsələ onun regiondakı siyasətini daha da möhkəmləndirir. Nəyə görə? Zaman-zaman sübut olunub ki, Rusiya xarici siyasətində bu cür münaqişələr yaradaraq, bunlardan məharətlə istifadə edir. İndinin özündə Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan məhz bu tipli münaqişələrə görə çıxılmaz durumdadırlar. Və dəfələrlə bu problemlərin həllinə nail olma ərəfəsində Rusiya prosesə müdaxilə edərək status-kvonu olduğu kimi saxlaya bilib. O cümlədən Dağlıq Qarabağ probleminidə. Amma Rusiyadan fərqli olaraq ABŞ regionda nüfuzunu daha da gücləndirmək üçün bu tipli münaqişələrin aradan qaldırılmasını istəyir. ABŞ-in bu regionda əsas marağı, qərbin enerji təhlükəsizliyi və Rusiyanın təsirini azaltmaqdır. Amma Dağlıq Qarabağ münaqişəsi hər iki marağa ciddi zərbə vuran faktordur. Beləliklə gördüyünüz kimi iki dövlətin məsələyə yanaşması kifayət qədər fərqlidir. İndi isə gəlin detallara diqqət ayıraq. Bir müddət öncəyə qədər ABŞ Dağlıq Qarabağ problemi ilə bağlı maraqlı bir layihəni gerçəkləşdirməyə çalışırdı. Bu nədən ibarət idi?
Deməli ilk növbədə plana əsasən Türkiyə-Ermənistan sərhədləri açılır, daha sonra Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayon azad edilir, Ermənistanın Avropaya yaxınlaşması təmin edilir və sonda referendimum yolu ilə Dağlıq Qarabağın taleyi həll olunur. Ermənistan ilk mərhələdə bu layihəyə razılığını verdi və Türkiyə ilə niyyət protokolu imzalandı. Amma sonrakı mərhələdə Rusiya proseslərə müdaxilə etdi və Ermənistan, gözlənilmədən tam geri çəkildi. Hətta Ermənistanın Rusiyanın təzyiqi ilə Madrid prinsiplərindən imtinasıda ictimaiətə bəllidir. Beləliklə bu gün Dağlıq Qarabağ problemində ABŞ-la Rusiya arasındakı ziddiyətin nədən ibarət olmasını gördük. Amma ekspertlər bildirir ki, bu oyunda Rusiya geri çəkilməli olacaq. Düzdür hazırda Rusiyanın Azərbaycana təsir etmə imkanları sıfırlansada, Ermənistana təsiri 100 faizlikdir. Amma Ermənistan prezident seçkilərindən sonra daha müstəqil siyasi xətt yürütməyə çalışacaq ki, ABŞ-da bundan məharətlə istifadə edəcək. İndilikdə isə status-kvonun dəyişməsinə sadəcə ümid etmək olmaz. Ən azından son bir ay ərzində bəzi Rusiya rəsmilərinin, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının verdiyi bəyanatlar da bunu sübutlayır. Qeyd edək ki, bu bəyanatlar kifayət qədər sərtləşib və ortada hansısa razılaşmanın olmasından söhbət belə getmir.

Mehdi Əli