14 Oktyabr 2019
13 Oktyabr 2019
İsraildə misli görünməmiş siyasi qarşıdurma
İsraildə misli görünməmiş siyasi qarşıdurma DÜNYA 23:47 2013-01-10

İsraildə misli görünməmiş siyasi qarşıdurma
İsraildə misli görünməmiş siyasi qarşıdurma

Ölkə gərgin keçəcəyi şübhə doğurmayan taleyüklü parlament seçkiləri ərəfəsindədir

Yanvarın 22-də İsraildə növbəti parlament seçkiləri keçiriləcək. 120 yerlik İsrail parlamentinə (Knesset) hansı partiya neçə millət vəkili ilə girəcək? Hökuməti kimlər quracaq? Vəzifəsindən sui-istifadə etməsi ilə bağlı ittihamlarla üzləşdiyi üçün istefa vermək məcburiyyətində qalan xarici işlər naziri Avigdor Liberman yeni hökumətdə təmsil olunacaqmı?

İsrailin baş naziri Binyamin Netanyahunun "Likud" Partiyası ilə Avigdor Libermanın lideri olduğu "İsrail Bizim Evimizdir" Partiyası seçkiyə birlikdə gedir (publika.az). Sağ-mərkəzi təmsil edən koalisiyanın adı isə Likud-Beyteynudur.
Seçkilərin favoriti də elə onlardır və ən çox mandatı da Netanyahu-Liberman birliyinin qazanacağı gözlənilir. Ancaq işlər heç də koalisiyanın istədiyi kimi getmir. Koalisiya son anketlərə görə "qan itirir". 15 gün əvvəl 37 mandat qazanacağı gözlənilən Likut-Beyteynunun son anketlərə görə mandatı 33-ə düşüb.
Netanyahu ilə Libermanın səs itkisindəki ən böyük faktor isə Naftali Bennettin lideri olduğu "Yəhudi Evi" Partiyasının yüksəlişidir. Naftali Bennett ilə Binyamin Netanyahu arasında polemika ilə başlayan rəqabət, son günlər daha da artıb. Gənc liderin Təl-Əvivdə bara gedərək gənclərlə biraraya gəlməsi Netanyahunu hərəkətə keçirdi. Baş nazir də bara gedərək pivə içib, kameralar qarşısında poz verib.
Son anketlərə görə, "Yəhudi Evi" Partiyası 13 mandat qazanacaq. Bu halda isə bu partiya qurulacaq yeni hökumətdə nazirlik kreslosu ala bilər. Keçmiş xarici işlər naziri Tsipi Livninin lideri olduğu "Kadima" Partiyasının isə 11 mandat qazanacağı təxmin edilir. Son rəy sorğularına görə, ərəb partiyalarının parlamentdə 10 millət vəkili ilə təmsil olunması gözlənilir.
Seçkilərdə isə ümumilikdə, 34 partiya yarışacaq.

Yeni hökumət necə
təşkil olunacaq?

Netanyahunun baş nazir olmaq ehtimalı yüksəl qiymətləndirilir. Bu halda isə İsrailin ən əhəmiyyətli 3 nazirliyi hesab olunan maliyyə, xarici işlər və müdafiə nazirlərinin Netanyahu-Liberman koalisiyasından olacağı şübhə doğurmur.
Sözügedən nazirlik kreslolarında kimlərin əyləşəcəyinə gəlincə, hazırkı maliyyə maliyyə naziri Yuval Ştaynitsin kreslosunda qalacağı ehtimal edilir. Bir müddət əvvəl xarici işlər naziri vəzifəsindən istefa verən Avigdor Libermanın yenidən bu postu tutacağı gözlənilir.
Ehud Barakın istefası ilə boş qalan müdafiə naziri postuna isə ən güclü namizəd, hazırda baş nazirin köməkçisi olan Moşe Yalondur. Ancaq başqa alternativlərin də adları çəkilir.

Yeni Liberman?

İsraildə son dövrlər "Yəhudi Evi" Partiyası və onun lideri Naftali Bennettin yüksəlişi diqqət çəkir. Türkiyə əleyhdarı olan Avigdor Libermanın yerinə daha gənc və ifrat sağçı mövqeli siyasətçi keçə bilər. Hazırkı vəziyyət Binyamin Netanyahunu o qədər qorxudub ki, seçicilərə "Bizim ortaq siyahıdan başqa sağ partiyaya səs verməyin", - deyərək müraciət edib.
40 yaşlı Naftali Bennettin isə maraqlı bir həyat hekayəsi var. Hərbi xidmətdən sonra o, sui-istifadə hallarını ortaya çıxarmaq məqsədilə maliyyə yoxlamaları həyata keçirən proqramları hazırlayan bir şirkət qurub. 7 il əvvəl isə bu şirkəti 145 milyon dollara satıb. O, bu satışdan qazandığı pullarla çoxlu bioqrafiya kitabı aldığını söyləyir.
O, 2004-2008-ci illərdə Binyamin Netanyahunun dəftərxanasının rəhbəri olub. Və hazırda Təl-Əvivdə əvvəllər aşbaz olan "dünyəvi" həyat yoldaşı və 4 uşağı ilə yaşayır. Onun Fələstin məsələsinin həllinə baxışı da rəsmi Təl-Əvivin baxışından fərqlənmir. Yanvar 22-də keçiriləcək seçkilərdən sonra da Binyamin Netanyahunun baş nazir olaraq qalacağını qəbul edən Naftali Bennett İsrailin illərdir ki, Fələstinlə danışıqların girovuna çevrildiyini deyir.
O, buna son qoymağın yolunun isə Qərbi Şerianın işğalından keçdiyini düşünür: "Artıq bu vəziyyətə son qoymaq lazımdır. Kiçik torpaqda iki dövlət olmaz. İsrail Qərbi Şerianı qismən işğal etməlidir".
O, Qərbi Şerianın fələstinlilərə veriləcəyi halda, yəhudilərin bu torpaqlarda yaşaya bilməyəcəyini iddia edir. "Buldozer" ləqəbli ifrat sağçı Naftali Bennettin səsləri sürətlə yüksələrkən ortaya qoyduğu fikirlər də olduqca radikaldır.
Naftali Bennetti "Guardian" qəzetinə verdiyi müsahibədə iqtidara gələcəyi halda, Qərbi Şeriada 150 min fələstinlinin yaşadığı bölgəni işğal edəcəyini söyləyib. Fələstin dövlətinə qarşı olduğunu ifadə edən Naftali Bennett "Gələn bütün tənqidlərə baxmayaraq, bunu edəcəyik. Dünya bizi tənqid edəcək, ancaq sonda qəbul etmək məcburiyyətində qalacaqlar. Bütün dünyanın bunu başa düşməsini istəyirəm. Fələstin dövlətinin olması İsrailin olmaması deməkdir", - deyə söyləyib.

Binyamin Netanyahunun "İran təhdidi"
işə yarayacaqmı?

Seçki kampaniyasında baş nazir Benyamin Netanyahu gözlənildiyi kimi, əsas diqqəti "İran təhdidi" və milli təhlükəsizliyin qorunmasına yönəldib.
Lakin rəy sorğuları göstərir ki, hətta belə bir istiqamət də mühafizəkar "Likud" üçün ümid vermir. Zaman keçdikcə, hökumətin "İran təhdidi" bəyanatlarından və Fələstinə qarşı yürütdüyü siyasətdən narazı qalanların sayı artır.
Mənzərəni daha aydın təsəvvür etmək üçün İsraildə seçkilərə üç həftə qalmış açıqlanan rəy sorğularına diqqət yetirək.
Rəy sorğularına görə, xalqın 67 faizi fələstinlilərlə iki dövlətli həll planına söykənən sülh razılaşmasına dəstək verir. Ancaq onların bu plana dəstəyi bir neçə şərtə bağlıdır.
Əsas şərt, yəhudi dövləti olaraq, İsrailin təhlükəsizliyinin təmin edilməsi və Fələstin dövlətinin ordusunun olmamasıdır.
Ayrıca, həmin plana görə, iki tərəf də eyni ölçüdə torpaq mübadiləsi edəcək, yəhudi məskunlaşmaları İsrailin nəzarətində qalacaq.
Rəy sorğularının ən təəccüblü tərəfi isə İsrailin sağçı hissəsinin böyük əksəriyyətinin belə sülh razılaşmasını bu şəkildə dəstəkləməsidir.
Radikallığa qarşı çıxan mötədil sol cinah isə 92 faizlik bir əksəriyyətlə bu plana dəstək verir.

Ömər Əmirov