“Aİ-92 markalı  benzinin və dizel yanacağın qiymətinin artırılması gözlənilən idi.”

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Rüfət Quliyev ötən gün bahalaşan benzin və dizel yanacaqlarının qiymətlərindən danışarkən deyib. O, qeyd edib ki, ekologiyanın təmiz saxlanılması üçün belə bir qərar qəbul etmək zərurətə çevrilmişdi:

“Türkiyə, Gürcüstan, Rusiya, hətta Baltikyanı ölkələrdə qazın qiyməti artıb. Baxmayaraq ki, dünyada qazın qiyməti müəyyən qədər aşağı düşmüşdü. Amma Baltikyanı ölkələrdə aksızların artırılması ilə, qiymətlər qaldırıldı. Zərurət ondan yaranıb ki, beynəlxalq qaydalara görə ekoloji baxımdan qərarlar sərtdir. Bu standartlara keçmək o deməkdir ki, yeni texnoloqiyalar təbiq olunmalıdır.Təbiidir ki, yeni texnologiyalar həmişə qiymətin aşağı düşməsinə səbəb olmayıb. Yanacaq növləri beynəlxalq standartlara cavab verməlidir. Bu dünyanın aparıcı ölkələrinin şərtləridir.Bu qlobal bir prosesdir. Yeni texnologiyalar investisiya tələb edir. Belə olduqda yanacağın maya dəyəri artırılmağı zəruri hala çevrilmişdi. Yanacaqla bağlı yeni standarlara keçmək vacibdir. Əgər bizim iqtisadiyyat dünyaya inteqrasiya olunursa, biz də mərhələli şəkildə bu prosesləri həyata keçirməliyik. Elə şəxslər var ki, deyir Azərbaycan neft ölkəsidir.  Burada yanacaq növlərinin qiyməti artırılmamalıdır. Neftlə benzin qarışdırılmamalıdır. Benzin neftin ən üstün emal məhsuludur. İqtisadi tərəfdən bu prosesə kifayət qədər xərc qoyulur. Bu bütün dünyada baş verib. Rusiyada kifayət qədər neft və qaz var.Amma buna baxmayaraq orada da qiymətlər yüksəkdir. 21-ci əsr “Ekologiya” dövrüdür. Həmçinin dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasındakı qiymət fərqinin azaldılması ekoloji mühitin yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biri hesab edilə bilər.Qiymətinin artırılması ilə  yanacağın keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi nəzərdə tutulur.”

Famil Fərhadoğlu