Kərəm Həsənov Hacıbala Abutalıbova zərbə hazırlayır
Kərəm Həsənov Hacıbala
Abutalıbova zərbə hazırlayır

Yataqxanalar Bakı meriyasının da nəzarətindən çıxarıla bilər

Azərbaycanda ayrı-ayrı dövlət qurumlarına, müəssisələrə məxsus yataqxanalar 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına keçdikdən sonra onların özəlləşdirilməsi məsələsi gündəmə gəldi. Amma artıq bir neçə ildir bu istiqamətdə heç bir addım atılmır. Yəni özəlləşdirmənin söhəti gedir, özü isə yox!

BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yataqxanaların mülkiyyətçi ilə mənzil-kirayə müqaviləsi olan sakinlər arasında özəlləşdirilməsi "Mənzil Fondunun özəlləşdirilməsi Haqqında" qanunda öz əksini tapıb. Həmin qanuna əsasən sadəcə, təhsil müəssisələrinin yataqxanaları özəlləşdirilə bilməz.
Bəs Hacıbala Abutalıbovun meriyanın balansındakı yataqxanaları özəlləşdirməsinə nə mane olur? Bu mövzu ilə bağlı "Unikal"a danışan bəzi ekspertlərin fikrincə, bu gün əksər yataqxanalar qəza vəziyyətində olduğundan özəlləşdirilmir. Çünki yataqxanaların əksəriyyətinin istismar müddəti başa çatıb və ya tikiliyə edilən müdaxilələr, sonradan olunan dəyişikliklər onların özəlləşdirilməsinə imkan vermir. Bundan başqa ayrı-ayrı dövlət müəssisələrində çalışan və illərdir mənzil növbəsində duran vətəndaşlar hətta müvəqqəti yaşamaq üçün məlum yataqxanalarda qala bilmirlər. Səbəb də odur ki, yataqxanalardakı evlərin əksəriyyəti aidiyyəti olmayan şəxslər tərəfindən zəbt edilib.
Doğrudur, bəzi məlumatlara görə, dövlət müəssisələrinə məxsus olan yataqxanaların hazırkı sahibi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtda saz vəziyyətdə olan yataqxanaların əksəriyyətini özəlləşdirib. Amma fakt budur ki, hələ də Bakıda Sovet dövründən qalan çoxsayda yataqxanalar özəlləşdirilməyib.
Məlumatlara görə, Hacıbala Abutalıbovun nəzarətində olan BŞİH-in mənzil fonduna daxil olan yataqxanalara hazırda mənzil istismar sahələri baxsa da bu, formal xarakter daşıyır. Çünki yataqxanaların özləri olmasa da, oradakı mənzillərin böyük əksəriyyəti özəlləşdirilib. Digərlərində isə Bakı şəhərində qeydiyyatı olmayan, əsasən də işğal altında olan rayonların sakinləri yaşayırlar. Onları yataqxanalardan çıxarmaq mümkün deyil.
Ekspertlərə görə, Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 1999-cu ildə yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bu gün şəhər əhalisinin mənzilə olan təlabatını nəinki ödəyə bilmir, bəzi hallarda problemlər yaradır. Ən ilginci isə odur ki, BŞİH-in balansında nə qədər ehtiyat mənzil fondunun olması barədə ictimaiyyətdə dəqiq məlumatlar yoxdur. Yataqxanalardakı vəziyyət barədə heç bir açıqlama verilmir. Hətta məlumatlar var ki, yataqxanalar paytaxtın rayon icra hakimiyyətləri tərəfindən bu və ya digər şəxslərin adına formal olaraq özəlləşdirilir və sonra kənar şəxslərə baha qiymətə satılır.
Göründüyü kimi, ortada olduqca qarmaqarışıq bir durum var, müvafiq qanunlar öz işləkliyini itirib, əvəzində isə kimlərinsə şəxsi biznes maraqları işə düşüb. Hacıbala Abutalıbov isə ya yataqxanalarla bağlı xaotik vəziyyətə əl qoymaq imkanında deyil, ya da bu durum ona sərf edir və nə vaxtsa onun özünün maraqlarına uyğun aparılan proseslərin nəticəsidir.
Bizdəki bilgilərə görə, hökumət artıq Sovetdən qalma yataqxanalarla bağlı xaotik duruma əl qoymaq, ortadakı qarmaqarışıqlığı aradan qaldırmaq niyyətindədir. Bunun üçün də yataqxanalarla bağlı bütün səlahiyyətlərin Hacıbala Abutalıbovdan alınması və Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi yetərincə real sayılır. Kərəm Həsənovun komitəsi yataqxanaların özəlləşdirilməsini başa çatdırmalıdır.
Belə bir ehtimalın reallaşıb-reallaşmadığı bəlli deyil, amma yuxarıda yazılanlar da sübut edir ki, hansısa obyekt və müəssisəni BŞİH-in nəzarətinə vermək lazımi effekt yaratmır. Söhbət yalnız yataqxanalarla bağlı da deyil. Elə uşaq bağçalarını götürək - bu məktəbəqədər təhsil müəssisələrinin Abutalıbovun ixtiyarına keçirilməsindən sonra problemlərin həll edilməsi azmış kimi, onların daha da dərinləşdiyi müşahidə olunur.
Uşaq bağçalarında rüşvət, orada uşaqlara verilən qidanın keyfiyyəti və s. kimi problemlər mətbuat səhifələrinə daha tez-tez çıxır.
Bütün bunlar isə belə düşünməyə əsas verir ki, bundan sonra bir də çətin Hacıbala Abutalıbovun nəzarətinə nələrsə verilsin. Əksinə, bir vaxtlar onun külli-ixtiyarına buraxılanlar cənab merin əlindən alınmasa, yaxşıdır.
Günel Əkbər