Xüsusi karantin rejimi ilə əlaqədar Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda sərnişin avtobusunun baqajından 7 sərnişin aşkar edilib.

Unikal.org xəbər verir ki, Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi bu “Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olub və yoxlama məqsədilə postda saxlanılıb. Xidmətdə olan polis əməkdaşları və DİN-in hərbi qulluqçuları avtobusa baxış keçirərkən təəccüblü faktla rastlaşıblar. Belə ki, avtobusun salonu boş olduğu halda onun baqaj yerində gizlədilmiş 7 nəfər aşkar edilib.

İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək barəsində 1-ci dəfə inzibati cərimə, 2-ci dəfə isə inzibati həbs olunub. Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq 3-cü dəfə eyni inzibati xətanı törədib.