19 Oktyabr 2019
18 Oktyabr 2019
İsa "Vosmoyski" Zeynal "Yasamalski"ni zərbə altında qoydu
İsa "Vosmoyski" Zeynal "Yasamalski"ni zərbə altında qoydu CƏMİYYƏT 13:49 2013-01-15

İsa "Vosmoyski" Zeynal "Yasamalski"ni zərbə altında qoydu
İsa "Vosmoyski" Zeynal
"Yasamalski"ni
zərbə altında qoydu
Müsavat başqanının "Zeynal Nağdəliyevdən belə şey gözləmirəm, onunla tələbə yoldaşı olmuşam" açıqlamasına sözardı

Bilindiyi kimi Müsavat Partiyasının başqanı İsa Qəmbər ötən gün Lənkəranda üzləşdiyi hücumla bağlı mətbuat konfransı keçirib. Həmin mətbuat konfransında səsləndirilən fikirlərlə bağlı yayılan məlumatlarda bildirilir ki, İsa Qəmbər iki gün öncə baş vermiş məlum insidentlə bağlı fikirlərini açıqlayaraq, bütün bunların Lənkəran əhalisinə heç bir aidiyyatının olmadığını bəyan edib: "Bu, bir sui-qəsd cəhdi idi. Onun məsuliyyəti Ramiz Mehdiyevin üzərindədir".
Müsavat başqanı eyni zamanda Lənkəran şəhər İcra Hakimiyyəti nümayəndələrinin hücumun şəhid ailələri və yoxsullar tərəfindən edildiyi barədə iddialırının absurd olduğunu bildirib: "Şəhid ailələri bizim başımızın tacıdırlar və onlarla münasibətlərimiz hər zaman isti olub. Əgər hücum edənlər imkansız adamlar idisə, onlar ora "Cip"lərlə necə gəlmişdilər?".
Müsavat başqanı onu da bildirib ki, basqında 150-ə yaxın adam iştirak edib. İsa Qəmbərin sözlərinə görə, yol polisi əməkdaşlarının müsavatçıların maşınlarını Lənkəranın girişində saxlaması və müxtəlif bəhanələrlə ləngitməsi təsadüfi deyildi. İsa Qəmbər hücum zamanı atılan iri daşlardan birini də jurnalistlərə nümayiş etdirib.
Məlumat üçün bildirək ki, ölkə mətbuatında Lənkəranda baş vermiş insidentin Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev tərəfindən təşkil edilməsi haqda versiyalar səslənmişdi. Maraq doğuran məqamlardan biri isə ondan ibarət oldu ki, Müsavat başqanı bu ehtimalın həqiqiliyinə inanmadığını aşkar şəkildə ifadə etməklə həm də Zeynal Nağdəliyevə xoş mesajlarını çatdırmağı da unutmayıb. Müsavat başqanı bildirib ki, hər bir versiya araşdırılmalıdır. Bununla yanaşı İsa Qəmbər Zeynal Nağdəliyevlə uzun illər əvvəlki münasibətlərindən də danışıb: "Zeynal Nağdəliyevi 70-ci illərin əvvəllərindən tanıyıram. Tələbə yoldaşı olmuşuq, münasibətlərimiz yaxşı olub. O mənə "Vosmoy uşağı", mən ona "Yasamal uşağı" deyirdim. Əgər o dövrlərdə tanıdığım Zeynal Nağdəliyev qalıbsa, belə bir iş görməz. Amma bu rejim bütün insanları dəyişdirə bilər".
Marağımıza və təəccübümüzə səbəb olan məqam isə Müsavat başqanının heç gözlənilmədən Zeynal Nağdəliyev haqda xoş münasibətini ifadə etməsi olub. Hər halda hər kəsə bəllidir ki, İsa Qəmbər siyasətdə bişmiş adamdır və bilməmiş deyil ki, onun dilindən hansısa dövlət məmuruna qarşı xoş söz çıxarsa bu avtomatik hakimiyyət dairələrində həmin məmurun əleyhinə işləyən kompramata çerilir. Belə olan halda İsa Qəmbərin PA-nın şöbə müdiri Zeynal Nağdəliyevi "himayə etməsi" və dolayısı ilə "ona inandığını dilə gətirməsi" düşünülmüş addım kimi nəzərdən keçirilə bilər.
Bəllidir ki, Zeynal Nağdəliyev hakim düşərgəsinin bəlli bir qruplaşması tərəfindən qəbul olunmayan məmurlardan sayılır. İndi özünüz düşünün, radikal müxalifət lideri kimi İsa Qəmbərin onun "müdafiəsi"nə qalxması hansı siyasi məqsədlərə xidmət edə bilər?
Burada ağla gələn ən mümkün ehtimal Müsavat başqanının bilərəkdən Zeynal Nağdəliyevi zərbə altına qoymaqla həmin qruplaşmanın maraqlarına xidmət göstərməsidir. Hər halda məntiq belə düşünməyə vadar edir. Necə deyərlər, başqanın öz təbiriylə ifadə etsək, İsa "Vosmoyski" Zeynal "Yasamalski"ni zərbə altında qoydu.
Orxan Həsənli