Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirusa qarşı vaksinasiya prosesindən danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nazir vaksin olunmağı ictimai vəzifə adlandırıb. Şpan həmçinin ayrı-ayrı ölkələrin deyil, bütün Avropanın birgə mübarizə aparacağı təqdirdə COVID-19-a qalib gəlməyin mümkün olduğunu bəyan edib.

"Vaksin olunmaq ictimai vəzifədir. Hər kəs vaksinasiya prosesindən keçməlidir. Avropada hamı bunu etməlidir. Bunun təkcə tibbi yox, iqtisadi səbəbləri də var. Bütün hökumətlər vaksinasiya məsələsində səylərini birləşdirməlidirlər. Kordinasiyalı fəaliyyət olmasa işimiz çətin olacaq. Vaksinin bu qədər tez bir müddətdə tapılması böyük uğurdur", - deyə nazir bildirib.

Yens Şpan həmçinin vaksin olunmağın məcburi xarakter daşımadığını söyləyib. Hökumətin vaksin olunmaqdan ehtiyat edən insanları maarifləndirən və təşviq edən layihələr gerçəkləşdirməli olduğunu qeyd edib.