“Ağ Otel”in bağlanması gündəmə gəldi
“Ağ Otel”in bağlanması gündəmə gəldi
“Unikal”ın adıçəkilən İstirahət Mərkəziylə bağlı araşdırmaları müvafiq qurumları hərəkətə keçirtdi
“Ağ Otel”lə bağlı araşdırmalar başlayır, sakinlərin şikayəti üzrə təhqiqat başlayır

“Unikal” qəzeti olaraq “Ağ Otel”lə bağlı apardığımız araşdırmalar artıq müvafiq dövlət strukturlarını hərəkətə keçirib. Məlumat üçün bildirək ki, qəzetimizdə
adıçəkilən istirahət mərkəzinin yerli sakinlərin etirazına səbəb olan şikayətləri əsasında silsilə yazılar dərc olunmuşdu. Eyni zamanda digər mənbələrdən əldə etdiyimiz informasiyaların təhlili də burada böyük qanunsuzluqların yaşandığını göstərirdi.
Bizim yazdıqlarımızdan sonra isə digər mətbu orqanlar da məsələyə diqqət ayırmış və ortaya ilginc faktlar ortaya çıxıb. Belə ki, Masazır qəsəbəsində yerləşən “Ağ otel”lə bağlı bəzi qaranlıq məqamlar yenidən gündəmdədir. Məsələnin ictimailəşməsindən və Masazır sakinlərinin ardıcıl şikayətlərindən sonra isə müvafiq dövlət qurumları bu istiqamətdə araşdırmalara start veriblər.
Sakinlər iddia edir ki, obyekt yeni tikiləndə onları aldadıblar və sakinlərə bildirilib ki, burada “Neftçi” futbol klubu üçün baza inşa olunur. Amma tikinti işləri başa çatanda bəlli olub ki, əslində bu oteldir və ən pisi də odur ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Ona görə də “Ağ Otel”ə yaxın ərazidə yerləşən sakinlər bu biabırçılığa son vermək məqsədilə qəzetimiz vasitəsilə müvafiq orqanlara müraciət ünvanlayıblar. Qəzetimiz isə həmin şikayətlər və faktlar əsasında müraciət hazırlayıb və dövlət qurumlarına ünvanlayıb. Bununla bağlı isə artıq ilkin araşdırmalara başlanılıb və həmin təhqiqat nəticəsində hətta “Ağ Otel”in bağlanması da gündəmə gəlib.
Məlumat üçün bildirək ki, “Ağ Otel”in sahiblərinə məxsus digər obyektlər də var. Bunlar isə Biləcəri qəsəbəsindəki “Ağsaray” restoranı, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən “Ağ market” ticarət mərkəzidir. Əldə etdiyimiz məlumatlarda elə həmin obyektlərdə də “Ağ Otel”də olduğu kimi qanunun tələblərinə məhəl qoyulmadığı bildirilir.
Diqqət çəkən vacib məqamlardan biri isə bundan ibarətdir ki, Bakı-Rostov beynəlxalq magistral yolunun yaxınlığında yerləşən və priton kimi fəaliyyət göstərən “Ağ otel” həm də təhlükəsizlik baxımından diqqətləri özünə cəlb edir. Kim təminat verə bilər ki, pəncərələri tünd qara şüşələrlə çərçivələnmiş “Ağ Otel”dən hər hansı terror aktı törədilə bilməz. Qeyd edək ki, otelin pəncərələri düz Bakı-Rostov magistralına baxır və otelə hər kəs sərbəstcə pulunu ödəyə bilərək girir, buna görə heç bir qeydiyyat aparılmır.
Məlumat üçün bildirək ki, həmin müraciətlərdə “Ağ otel”, “Ağsaray” restoranı və “Ağmarket” ticarət şəbəkəsindəki qanunsuzluqlar diqqətə çatdırılır. Belə ki, işçilərin hansı əsaslarla çalışdığını öyrənmək məqsədilə Dövlət Əmək Müfəttişliyinə, vergidən yayınma ittihamlarının araşdırılması məqsədilə Vergilər Nazirliyinə, otelin turizm obyekti kimi qeydiyyata keçməsi səbəbindən Mədəniyyət və Turizm Nazirliyinə, yuxarıda bəhs etdiyimiz təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə göndərilmiş müraciətlərin araşdırılmasını isə diqqətdə saxlayacağıq.
Hər halda əlimizdə olan faktlar “Ağ Otel”in bağlanması üçün kifayət edir və biz “Unikal” qəzeti olaraq bunun reallaşması üçün araşdırmalarımızı davam etdirəcəyik.
Natiq