Gürcüstandan Ermənistana zərbə
Gürcüstandan Ermənistana zərbə

Azərbaycana isə dəstək

Gürcüstan-Ermənistan münasibətləri deyəsən gərginləşəcək. Yox əgər bu gərginlik olmazsa onda Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyə bilər. Bunun isə başlıca səbəbi Gürcüstan Xarici işlər nazirinin verdiyi bəyanat olub. Belə ki, Gürcüstanda parlament azlığının nümayəndələri xarici işlər naziri Maya Pancikidzeni Litvaya səfəri çərçivəsində verdiyi bəyanatla bağlı parlamentdə hesabat verməyə çağırıblar.

Parlament azlığının nümayəndələri xarici işlər nazirinin istefasını tələb etmək niyyətindədir. Deputatlar bildiriblər ki, XİN başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Ermənistan kütləvi informasiya vasitələrində yeni qalmaqala səbəb olub. Onlar qeyd ediblər ki, Pancikidze bütün sözlərinə görə cavab verməlidir.
“Biz Bidzina İvanişvilidən Maya Pancikidzeni işdən azad etməyi tələb edirik”, - deyə deputat Akaki Minaşvili bildirib.
Onun sözlərinə görə, xarici işlər nazirinin fəaliyyəti Gürcüstanın imicinə mənfi təsir göstərir: “Biz Litvada verilmiş düşünülməmiş bəyanatı xatırlaya bilərik, bu bəyanat nəticəsində Gürcüstanın baş nazirinin Ermənistana səfəri təxirə salınmaq təhlükəsi ilə üzləşib”.
Xatırladaq ki, kütləvi informasiya vasitələri Maya Pancikidzenin Litvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən “Münaqişəni yalnız Azərbaycanın ərazi bütövlüyü lehinə nizamlamaq mümkündür” deməsi barədə xəbər yayıblar.
Gəlin məsələnin təfsilatına varmamışdan öncə Gürcüstanda yaranan bu gərginliyə verilən başqa reaksiyaya da baxaq. “Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək.
Biz həmişə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləmişik. Bu, bizim rəsmi mövqeyimizdir”. Gürcüstanın Azərbaycandakı səfirliyindən bu ölkənin xarici işlər naziri Maya Pancikidzenin Litvaya səfəri zamanı verdiyi bəyanatı belə şərh ediblər.
Bu məsələdə diqqəti cəlb edən bir neçə məqam var. İlk məqam budur ki, hər zaman Azərbaycanın dəstəyini görən və bu dəstəyə görə illərlə hakimiyyətdə qalan Saakaşvili indi Ermənistanın mövqeyini müdafiə etməklə sanki arxadan zərbə vurur. Çünki Gürcüstan Xarici İşlər Nazirinin bəyanatına etiraz edən parlamentdə ki, azlıqlar elə Saakaşvilinin partiyadaşlarıdır. Digər diqqəti cəlb edən nüans isə budur ki, Gürcüstandakı yeni hökümət ilk günlərində Azərbaycana qarşı sərt mövqe sərgilədi və belə bir rəy yarandı ki, hətta iki ölkə münasibətləri pozulada bilər. Çünki baş nazir Qars-Axalkalaki dəmir yol xəttinə və qaz müqaviləsinə qarşı sərt açıqlama verdi. Bununla yanaşı Ermənistana vəd verdi ki, Rusiya-Ermənistan dəmiryol xəttinin açılışına hazırdır. Demək olar ki, bu tamamı ilə Ermənistanın maraqlarına cavab verirdi. Amma baş nazirin Azərbaycana səfərindən sonra hər şey qaydasına düşdü. Hətta etiraf etdi ki, verdiyi bəyanatlar yanlışdır. Bundan sonra isə Gürcüstanın baş diplomatının Azərbaycanın maraqlarına cavab verən bəyanat səsləndirməsi sübut etdi ki, Gürcüstan Azərbaycanla strateji müttəfiqliyini davam etdirəcək. Amma bəzi ekspertlər həm də narahatdır ki, yenə də yeni hakimiyyət bu bəyanatı təkzib edə bilər. Bu təkzib isə Ermənistan işğalçılığına haqq qazandırmış olacaq. Maraqlıdır, Ermənistan tərəfi buna cavab olaraq hansı addımı ata bilər? Ekspertlər hesab edir ki, Ermənistan hər zaman Gürcüstana iki yolla təzyiqlər göstərib. İlk növbədə Ermənistana lazım olan kimi Cavaxetiya problemini gündəmə gətirir. Xatırladaq ki, Gürcüstanın Cavaxetiya rayonunda ermənilər yaşayır və onlar müstəqilliyini, ən pis halda isə muxtariyyat olmalırını tələb edirlər. Gürcüstan isə bununla barışmır və buna görə iki ölkə arasında dəfələrlə gərginliklər yaşanıb. Hesab edilir ki, Ermənistan yenə də bu addımı təkrarlayacaq. Digər tərəfdən isə Ermənistan hər zaman Gürcüstana Rusiya vasitəsi ilə də təzyiqlər etdirib. Amma bu dəfə Rusiyanın belə addım atacağı inandırıcı deyil. Çünki hazırda iki ölkənin münasibətlərini qaydaya salmaq üçün danışıqlar aparılır və qarşılıqlı güzəştlərin olacağı gözlənilir. Məsələn, Rusiya hesab edir ki, yaxın aylarda Gürcüstan MDB-yə qayıda bilər. Gürcüstan tərəfi də iddia edib ki, bu mümkün addımdır. Buna görə ciddi və qlobal məsələləri bir kənara qoyub Rusiya Gürcüstanla yeni münaqişəyə getməyəcək.
Toğrul Əliyev