Çağırış qaydalarında dəyişiklik olacaq
Çağırış qaydalarında dəyişiklik olacaq

Yeni təkliflər özünü doğrultmur

Bu günlərdə Azərbaycan ordusunda 3 aylıq əsgərin döyülərək öldürülməsi cəmiyyətdə ciddi rezonans yaratdı. Gənclər aksiya keçirtdi, müdafiə naziri Səfər Əbiyev korpus komandiri, general Rövşən Əkbərov başda olmaqla bir sıra zabitləri cəzalandırdı və millət vəkilləri müxtəlif bəyanatlarla çıxış etdilər.

Demək olar ki, bu olay ordu sisteminə ciddi zərbə oldu və hesab etmək olar ki, bu proses davam edəcək. Çünki artıq övladları ölmüş onlarla valideyində etirazçılar sırasına qatılıb və demək olar ki, hər gün dövrü mətbuatda yeni faktlar ortaya çıxır. Ən dəhşətlisi isə budur ki, orduda ölən əsgərlərin böyük əksəriyyətinin ölümü müəammalıdır və qeyri-döyüş şəraitində baş verib. Buna görə ekspertlər hesab edir ki, ümumiyyətlə problemi bir dəfəlik həll etmək üçün nazirdə başda olmaqla nazirliyin şəxsi heyəti istefaya göndərilməli və yenidən nazirlik formalaşmalıdır. Bir qrup isə hesab edir ki, ordu NATO qaydalarına keçirilməli, nazir mülki şəxs olmalı və ordu çağırışçılardan yox peşəkar hərbiçilərdən formalaşmalıdır. Bu arada millət vəkilləri də müxtəlif təşəbbüslərlə çıxış etməyə başladılar. Məsələn, millət vəkili Zahid Oruc hesab edir ki, ailədə bir uşaq olan şəxslər hərbi xidmətə çağırılmasın. Amma peşəkarlar hesab edir ki, bu təklif sadəcə olaraq cəmiyyətin rəğbətini qazanmaq üçün verilmiş təklifdir və bununla ordu sistemində hər hansı dəyişikliyə nail olmaq mümkünsüzdür. Bunu da xatırladaq ki, 1991-93-cü illərdə belə praktikadan istifadə edilmişdi. Mütəxəssislər bildirir ki, ailədə bir uşağın hərbi xidmətə çağrılmaması təklifi həm də buna sübutdur ki, hətta deputatlarda düşünür ki, bundan sonra orduda yenə gərəksiz itkilər ola bilər. Buna görə də tək uşaqlı ailələrə jest edilir. İndi isə daha maraqlı bir təklif gündəmə gəlib. Belə ki, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşı artırıla bilər.Hazırda bu məsələ Silahlı Qüvvələrdə və digər hökumət strukturlarında müzakirə olunur.
Silahlı Qüvvələrdə çağırış yaşının 19 və ya 20-yə qaldırılması təklif olunur, artıq bununla bağlı müəyyən ortaq fikirlər mövcuddur.
Bu təklif hərbi xidmətə çağırılan 18 yaşlı gənclərin böyük əksəriyyətinin təcrübəsiz, fiziki və psixoloji cəhətdən hazırlıqsız olmaları ilə əsaslandırılır. Bu sahədə digər ölkələrin təcrübəsi də öyrənilib. Aparılan araşdırmalar zamanı hərbi xidmətdə bəzi neqativ hadisələrin əsasən yeni xidmətə başlayan əsgərlərin iştirakı ilə baş verdiyi müəyyən olunub.
Qeyd olunan təkliflərin bu il ərzində parlamentin müzakirəsinə təqdim olunacağı gözlənilir.
Maraqlıdır, bəs bu təklif nə qədər ciddi təklifdir? Psixoloqlar hesab edir ki, gənclərdə 19-20 yaş, artıq həyata müstəqil atılma və nə isə qurub-yaratma periodudur. Bu yaşda olan şəxslərin məcburi hərbi xidmətə çağırılmaları onların psixologiyasına mənfi təsir göstərəcək. Əslində bu yaşa qədər hərbi xidməti keçib gələnlər həyatda daha inamlı olurlar. Amma 20 yaşdan sonra hərbi xidmətə çağırılan gənclər sonra uzun müddət cəmiyyətə adaptasiya oluna bilmirlər. Buna görə də qeyd olunur ki, tələm-tələsik belə qərarın çıxarılması düzgün deyil. Digər tərəfdən belə bir dəyişiklik heç də problemi həll etməyəcək. Əgər orduda əsgər zabit münasibətləri düzgün qurulmursa, “dedovşina” problemi yaşanırsa 25 yaşında da gənc hərbi xidmətə gedəcəksə yenə də eyni proses yaşanacaq. Bundan başqa psixoloqlar hesab edir ki, 20 yaş gəncin özünü təsdiq mərhələsidir. Bu mərhələdə olan gəncin əmrlərə tabe olmasıda kifayət qədər gərginliklər yaradacaq ki, nəticədə əsgər-zabit münasibətlərində daha təhlükəli çalarlar ortaya çıxacaq. Bunu da qeyd edək ki, hazırda Azərbaycanda hərbi çağırış üçün müəyyənləşmiş yaş həddi sovetlər birliyindən qalma həddir. Amma bir sıra avropa ölkələrində tamam fərqli mənzərə var. Bu isə ondadır ki, Avropada ordu NATO sisteminə uyğun olaraq qurulub və hərbiləşməyə meyl kifayət qədər azalıb. Yəni məcburi hərbi xidməti Avropa ölkələrində çağırışçı 35 yaşa qədər hərbi xidmətə getməyini ləngidə bilər, hətta daha sonra dövlətə pul ödəyərək 3 aylıq hərbi xidmət keçməklə borcunu tamamlamış olur. Orduya gəldikdə isə bu məsələ peşəkar muzdular vasitəsi ilə həyata keçirilir. Yəni gənc dövlətlə 20-25 illik müqavilə imzalayır və bu müddətdə xidmət göstərir. Bu gün isə Azərbaycan müharibə şəraitində olduğu üçün tam olaraq belə bir sistemə keçə bilmir.
Mehdi Əli