Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin və qurumun Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Yardımlı rayon sakini Rüstəm Ağayev Bakı şəhəri Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram narkotik vasitə olan heroin və 105 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

R.Ağayevin həmin narkotik vasitəni “Şəhruz” adlı İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.