Bu da son - Bəşər Əsəd vəsiyyət etdi: "Əgər Qəddafi kimi öldürülsəm..."
Bu da son - Bəşər Əsəd vəsiyyət etdi: "Əgər Qəddafi kimi öldürülsəm..."
"Hər nə olursa olsun, gəmisini tərk edən kapitan olmayacağam"
Vəfa Quluzadə: "Əsədin fatihəsi çoxdan oxunub"

Suriyada hələ də davam edən bu etirazları özünəməxsus şəkildə silahla, öz vətəndaşlarını öldürməklə susdurmağa çalışan Əsəd rejimi indiyədək 40000-dən çox dinc sakini qətlə yetirib...
Tarixdə əli xalqının qanına bu qədər bulaşan belə dövlət başçıları az-az olub...
Bəs kimdir Bəşər Əsəd? O, hakim Bəəs Partiyasının lideri və keçmiş prezident Hafiz əsədin oğludur. İxtisasca cərrah-oftalomoloqdur.
Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub, ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Bəşərin daxili siyasəti onun insan hüquqlarına saymazyana yanaşması, səthi iqtisadi islahatlar aparması və ölkədə rüşvətxorluğun və korrupsiyanın yayılması ilə müşayiət olunan sosial-iqtisadi tənəzzülə görə tənqid olunur. Habelə Bəşər prezident seçildikdən sonra demokratiyanı Suriyada həyatın daha da yaxşılaşdırılması üçün vasitə hesab etdiyini bildirir.
Ölkədə 2007-ci ildə internet kafe sahiblərinə istifadəçilərin söhbət otaqlarında və forumlarda yazdıqları bütün şərhləri qeydə almalarına icazə verən qanun qəbul edilir. 2008-ci ildə isə wikipedia.com, youtube.com və facebook.com loço saytlara giriş qadağan edilir. "İnsan Haqlarına Nəzarət" və "Amnesti İnterneşnl" kimi təşkilatlar Bəşər Əsəd rejiminin hakimiyyətdən narazı qalan sadə vətəndaşları, rejimə müxalifə olan siyasətçiləri Suriya Gizli Polisinin köməyi ilə necə təqib və həbs etmələrini, eləcə də qətlə yetirmələrini sənədləşdirir. Bununla da Suriya hakimiyyəti ərəb ölkələri arasında xalqına divan tutan və xüsusi amansızlığı ilə fərqlənən cinayətkar rejim kimi tanınır.
2007-ci il may ayının 27-də Bəşər Əsəd növbəti 7 il müddətində Suriyanın prezidenti seçilib. Başqa namizədlərin iştirak etmədiyi seçkilərdə Bəşər səslərin 97,6%-ni toplayır. 2011-ci ilin yanvarında Suriyada hakimiyyətin islahatlar keçirilməsi tələbi ilə etirazlar başlanıb.
Və nəhayət, Əsəd barədə son xəbər: Onun öz generalları ilə birgə keçirdiyi gizli toplantıda vəsiyyətini açıqladığı ortaya çıxıb.
İsrail mətbuatı suriyalı mənbələrinə istinad edərək Əsədin öldürüləcəyi təqdirdə generallarına İsrail və Misiri vurmağı vəsiyyət etdiyini yazıb: "Əgər məni müxalifətin bombaları öldürsə və ya Müəmmar Qəddafi kimi bir avara tərəfindən öldürülsəm İsrail və Misiri vurun".
El Vatan qəzeti isə Əsədin yaxın çevrəsinə "Hər nə olursa olsun, gəmisini tərk edən kapitan olmayacağam" dediyini yazıb.
Qeyd edək ki, BBC-yə açıqlama verən Suriya xarici işlər naziri köməkçisi Faysal Mikdat isə Əsədin 2014-cü il seçkilərində yenidən namizəd olması üçün heç bir maneə olmadığını qeyd etmişdi.
Tanınmış politoloq Vəfa Quluzadə "Unikal"a bildirib ki, "Bəşər Əsədin vəsiyyət etməkdən başqa çıxış yolu qalmayıb. Son illərdə xalqına qarşı apardığı qanlı hərbi aksiyalar nəticəsində onun fatihəsi oxunub".
Politoloqun sözlərinə görə, "Əsəd o qədər yaramaz siyasət apardı ki, artıq heç bir dövlət ona siyasi sığınacaq da vermək istəmir. O, bütün körpüləri yandırıb. Qaçmağa da yeri yoxdur. Belə bir vəziyyətdə Əsədin qarşısında iki yol qalır: ya özünü öldürməlidir, ya da onu öldürəcəklər. Məhkəməsiz-zadsız. İraqın qanlı diktatoru Səddam Hüseyn qismən ləyaqətlə öldü. Onu mühakimə etdilər və asılmaq cəzasına məhkum edildi. Əsədə bu da qismət olmaycaq".
Səlim