"Microsoft" şirkəti ölən insanların rəqəmsal əkizlərini yaratmaq üçün patent alır. 

Unikal.org xəbər verir ki, "Microsoft" şirkəti həm ölüləri, həm də diriləri təqlid edə bilən, onların adından söhbət aparan “chatbot” hazırlamağı planlaşdırır. Rəqəmsal əkiz yaratmaq üçün texnologiya insanların sosial şəbəkələrdəki açıq məlumatlardan istifadə edəcək.

Belə ki, ötən ilin dekabr ayında "Microsoft" rəsmiləri hər kəsi təqlid edə biləcək “chatbot” texnologiyasını hazırlamaqla bağlı patent almaq üçün müraciət ediblər. Rəqəmsal əkiz şəxsin sosial şəbəkələrindəki mövcud məlumatlar əsasında təlim alacaq. Mesajlar, məktublar və hətta fotolar süni intellekt tərəfindən istədiyiniz şəxsiyyəti yenidən yaratmaq üçün istifadə ediləcək. Bu cür süni zəka sayəsində istifadəçilər vəfat etmiş qohumları ilə ünsiyyət qura biləcəklər.

“Rəqəmsal əkiz müxtəlif mövzulara cavab verə bilər. Mövzunun keçmiş və ya bu günə aid olmasının heç bir əhəmiyyəti yoxdur. Beləliklə, süni zəka bir dostu, qohumu, məşhuru və ya tarixi şəxsiyyəti təqlid edə bilər”, - deyə şirkətin patentində deyilir.