17 Sentyabr 2019
16 Sentyabr 2019
Elçibəyi mühakimə etmiş prokuror danışdı
Elçibəyi mühakimə etmiş prokuror danışdı MÜSAHİBƏ 22:49 2013-01-16

Elçibəyi mühakimə etmiş prokuror danışdı
Elçibəyi mühakimə etmiş prokuror danışdı

Yamən Yusifov: "Krasilnikova məktubu Elçibəyin özü yazıb, o barədə mən özüm Əbülfəzlə söhbət eləmişdim"

Yamən Yusifov 1924-cü ildə Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetnin Hüquq fakültəsini bitirib. 1947-ci ildə keçmiş Əzizbəyov rayon prokurorurnun köməkçisi kimi işə başlayan Y.Yusifov sonralar prokurorluq sistemində yüksək vəzifələrdə çalışıb. 1949-53-cü illər ərizində müxtəlif şöbələrə rəhbərlik edən Y.Yusifov 1953-cü ildən 1957-ci ilə kimi Respublika Prokurorluğunda Cinayət məhkəmə nəzarəti şöbəsinin rəisi işləyib. 1957-62-ci illərdə respublika prokurorunun müavini işləyən Yusifov 1962-ci ildən 1982-ci ilə qədər keçmiş Dövlət Təhlükəsizlik Komitəsində (DTK) aparılan istintaq işlərinə nəzarət üzrə rəhbər şıxs olub. III dərəcəli dövlət ədliyyə müşaviridir (general).
1987-ci ildən prokurorluq orqanlarından təqaüdə çıxıb.
Yamən Yusifov mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı 70-ci illərdə aparılmış məhkəmədə dövlət ittihamçısı olub. Modern.az saytının əməkdaşı onunla müsahibədə həmin məhkəmə və o dövrün digər hadisələrindən danışdıb.Müsahibənin aktuallığın nəzərə alaraq "Unikal" oxucularına təqdim edirik.

- 70-ci illərdə Əbülfəz Elçibəy barəsində açılmış cinayət işini aparmısınız. Ona qurulan məhkəmədə dövlət ittihamçısı olmusunuz. Həmin məhkəmə barədə nə deyə bilərsiniz?
- 1974-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin 5-ci şöbəsində işləyən Firudin Bağırov mənə Bakı Dövlət Universitetində işləyən Əbülfəz Əliyev adlı bir müəllimlə bağlı material verdi.
Materialla tanış olub gördüm ki, burada onun SSRİ-nin dövlət quruluşunun əleyhinə dediyi fikirləri, danışıqları, söhbətləri qeyd edilib. Materialda bildirilirdi ki, Əbülfəz müəllim Azərbaycan SSRİ-nin Rusiyadan ayrılmasının vacibliyi və digər bu qəbildən söhbətlər aparır.
Məsələ ilə bağlı respublikanın baş prokuroru Qambay Məmmədova məruzə etdim. Qərara aldıq ki, DTK-ya Əbülfəz Əliyevi məsuliyyətə almaq üçün əsas olmadığını deyək. Bundan sonra biz göstəriş verdik ki, Əbülfəz bəyi həbs etmək üçün heç bir əsas yoxdur. Amma Dövlət Təhlükəsizlik Komitəsi Elçibəyi çağırıb ondan ifadə aldı ki, bir də belə işlərlə məşğul olmasın.
Bundan bir müddət sonra DTK yenidən Elçibəylə bağlı yeni materialı prokurorluğa göndərdi. Məlum oldu ki, Əbülfəz Əliyev ADU-da (indiki BDU-red.) işləyən Abbas müəllimin qızının instituta qəbul olunması ilə bağlı keçirilən qonaqlıqda yenə də bu cür söz-söhbətləri davam etdirib.
Yeni material prokurorluğa daxil olduqdan sonra Azərbaycan DTK-sının sədri Krasilnikov respublika prokuroru Qambay Məmmədovun yanına gəlir və bundan sonra Əbülfəz Əliyevi həbsə alırlar.
Mən o zaman deyəsən işlə bağlı Moskvaya getmişdim.
Elçibəyin işini DTK-nın müstəntiqi Əziz Rəsulov aparırdı. Sizə deyim ki, bu cinayət işinə görə DTK ilə bizim aramızda maddənin tövsifi üstündə ciddi narazılıq oldu. Krasilnikov istəyirdi ki, Əbülfəz Elçibəyə ağır maddə versin. Halbuki, onun işində ağır maddə yox idi. Biz qəti olaraq etiraz etdik. Bundan sonra materialları mənim şöbəmə gətirdilər və dedilər ki, "onda özünüz nə istəyirsiniz edin". Biz şöbədə cinayət işi qaldırdıq və işi DTK-ya göndərdik ki, istintaqı aparsınlar.
Tapşırdım ki, mənsiz Əbülfəz Əliyevi müqəssir elan etməyin. Elçibəy dindirilməyə aparılan gün DTK-nın müstəntiqi Rəsulov mənə zəng etdi ki, sabah Əbülfəz Əliyevə müqəssirliyi elan olunacaq. Mən prokurorluqdan DTK-ya getdim. Əbülfəz Elçibəyi istintaq otağına gətirdilər. Əbülfəzin qabağına limonlu çay goyduq. Bütün qanuni, insani formada istintaq apardıq. O, heç bir şeyi inkar etmədi. Dedi ki, "SSRİ əleyhinə çıxışlar etmişəm, amma sovet dövlətinə qarşı çıxmaqla səhv etmişəm. Sovet dövlətinə qarşı böhtanlar atmışam". Əbülfəz Əliyev ifadə verdikdən sonra DTK sədri Krasilnikovun adına məktub yazmışdı.
- İndi həmin məktub yenidən üzə çıxıb. Bəziləri iddia edir ki, məktubdan Elçibəyin xəbəri yoxdu, onu DTK-da özləri yazıblar...
- Yalan sözdür. Məktubu Əbülfəz Elçibəyin özü yazıb. O barədə mən özüm Əbülfəzlə söhbət eləmişdim. Mən ona sual verdim ki, "Əbülfəz, sənə 50 min "kalaşnikov" avtomatı, 50 min də əsgər verirəm. Sən Azərbaycanı Rusiyanın tərkibindən ayıra bilərsənmi?".
Mənə baxıb güldü və dedi "yox". Dedim, "bəs bu nədir Əbülfəz müəllim?". Dedi ki, "bir səhvdir".
Onu həbsə alanda çarpayısının başında Heydər Əliyevin şəkli var idi. Söhbət əsnasında soruşduq ki, "Heydər Əliyevin şəklini niyə başının üstündən asmısan?". Cavab verdi ki, Heydər Əliyevə şəxsiyyət kimi hörmət edir. Bu sözləri siz elə-belə bilməyin. Bunlar Əbülfəz Elçibəyin ağzından çıxan kəlmələrdir.
- Elçibəyə istintaq zamanı təzyiqlər olurdumu? Zorla nəyisə onun boynuna qoymaq cəhdi mümkün idimi?
- Siz nə danışırsınız? Elçibəy həbsdə olarkən həftədə iki dəfə paltarı dəyişdirilirdi. Onun üçün bütün şərait yaratmışdılar. Mən onu dindirəndə qabağında limonlu çayı olardı. Heyf ki, istintaq zamanı çəkilən fotoları sizə göstərə bilmirəm.
- Bəs məhkəmə prosesi necə keçirildi?
- Elçibəyin məhkəmə prosesi zamanı işi mənim şöbəmdə işləyən Sultan İmanova tapşırmışdım. O, Ali Məhkəmənin sədr müavini işləmişdi.
Əbülfəz Əliyevin məhəkəməsi başlanan gün aləm bir-birinə qarışmışdı.
Universitetin bütün tələbələri Ali Məhkəməni mühasirəyə almışdılar. Çox gərgin vəziyyət yaranmışdı. Tələbələr məhkəminin açıq keçirilməsini tələb edirdilər.
Ali Məhkəmənin sədri Abdulla İbrahimov mənə zəng vurdu ki, "Yamən müəllim, tələbələr binanı mühasirəyə alıblar. Bura gəlin".
Mən dərhal Ali Məhkəməyə gəldim. Binanın qabağında xeyli adam var idi. Güc-bəla ilə içəri keçdim. DTK işçilərinin hamısı Abdulla İbrahimovun kabinetində oturmuşdu. Əsəbi situasiya idi. Qərara aldıq ki, Ali Məhkəmənin qabağına yığışan tələbələrlə söhbət edək.
Mən kabinetdən çıxıb Ali Məhkəmənin həyətinə düşdüm. Ümumi hay-küy.. Etiraz səsləri... Ucadan qışqıraraq "sizin rəhbəriniz kimdir" soruşdum. Bu zaman tələbələrin içindən "mənəm" deyən bığlarının ucu aşağı sallanmış bir gənc qabağa çıxdı və özünü "Fəzail Ağamalıyev" deyə təqdim etdi. Ağamalıyevi özümlə binaya apardım. Onu bütün zalları gəzdirdim. Dedim "işə hansı zalda baxmağa razısınız, göstərin".
Zalların çoxu kiçik idi. İkinci mərtəbədə prezidiumun zalı böyük idi. Ağamalıyevdən soruşdum ki, "burda keçirilməsinə razısınız?".
Dedi "hə". Ona dedim ki, o zaman məhkəmədə iştirak edəcək şəxslərin siyahısını tutun. Bu cür razılaşdıq. Bundan sonra məhkəmə prosesi başladı.
Əbülfəz Əliyevin məhkəməsində ictimai ittihamçı universitetin partiya təşkilatının sədri, akademik Aslan Aslanov idi. Mən məhkəmədə dövlət ittihamçısı kimi iştirak edrdim. Məhkəmə başlanan kimi Əbülfəz Əliyev zala gətirildi. Birinci gün ümumi qayda ilə hazırlıq proses açıldı.
İkinci gün məhkəməyə gələndə gördüm ki, binanın qabağında yerdə bir qadın oturub. Yanında da bir uşaq. Qadın məni görən kimi tez yaxınlaşdı və dedi ki, "Yamən müəllim, mən Əbülfəzin anasıyam. Xahiş edirəm, mənə şərait yardın prosesdə iştirak edim". Mən göstəriş verdim ki, qadını ikinci mərtəbəyə, məhkəmə gedən zala aparsınlar.
Məhkəmə proses başlayan kimi Əbülfəz Əliyev durdu ayağa və hakimdən xahiş etdi ki, anası zaldan çıxarılsın. Dedi ki, "anam zalda otursa, ifadə verməyəcəm". Axır gördük ki, heç cür razılaşmır, qərara aldıq ki, anası zaldan çıxsın.
Məhkəmə prosesi zamanı Elçibəy ona qarşı qaldırılan ittihamları etiraf etdi. Amma dedi ki, "səhv eləmişəm, boynuma alıram".
- Elçibəyə qarşı ifadə verənləri xatırlayırsınız? İstintaqda dostları arasında əleyhinə səs verən oldumu?
- Əlbəttə ki, əleyhinə səs vermişdilər. Onu dostları satdı. Deyim ki, həddən artıq adam dindirilmişdi. Onun tələbələri olan Həsən Həsənov və Vahabov soyadları yadımdadır. Onların ifadələri əsasında cinayət işi qaldırılmışdı. Bu adamlar ərizə yazmışdılar ki, "Əbülfəz müəllim bizi dəniz qırağına, çayxanalara aparır". İfadə verənlərdən biri məhkəmədə dedi ki, "mən hətta bir dəfə soruşdum ki, sovet hökümətinin işıqlı zalları qala-qala biz niyə bu söhbətləri çayxanalarda aparırıq? Əbülfəz müəllim cavabında "sən bilmirsən ki, Hitler də Bavariyanın pivəxanalarında pivə içə-içə hakimiyyəti ələ alıb. Biz də hakimiyyəti ələ almağa nail olacağıq" dedi".
Bütün proses yekunlaşdı. Elçibəyə hörmət etdik, az cəza verdik. İl yarım cəza aldı. Onun da beş-altı ayını yatdı. Sonra çıxdı.
Məhkəmə keçirilərkən universitetdə mənim iştirakımla iki gün Elçibəyin işi ilə bağlı iclas keçirildi.
-Nə ilə bağlı idi bu iclaslar?
- Prosesin gedişi zamanı həddən artıq tələbə zala gəlirdi. Onlar etiraz edirdilər, divarlarla şüarlar yazırdılar. Ona görə də qərara alındı ki, bununla bağlı unversitetdə müşavirə keçirək. Rayon Partiya Komitəsinin birinci katibi İbrahimovu da universitetə dəvət etdik. Universitetin müəllimi Abbas Zamanov, başqa müəllimlər çıxış etdilər. Deyim ki, Abbas Zamanov Elçibəyin bütün proseslərinə gəlirdi. Unversitetdə müşavirdə o çıxış etdi. Bu çıxışlardan sonra tələbələrin proseslərə gəlməyi azaldı.
- Bəs Universitet rəhbərliyinin bu hadisə ilə bağlı münasibəti necə idi?
- ADU-nun rektoru Faiq Bağırzadə, partiya təşkilat katibi, akademik Aslan Aslanov çıxış etdi.
- Elçibəyi müdafiə etdilərmi?
- Yox etmədilər. Ona görə ki, gördülər ki, Elçibəy hər şeyi etiraf edir. Nə deməli idilər ki? Abbas Zamanov Respublika prokurorluğuna gəldi bizdəki materiallarla tanış oldu.
- O zaman Azərbaycan SSR-yə rəhbərlik edən mərhum Heydər Əliyevin Əbülfəz Elçibəyin məhkəməsinə münasibəti necə idi?
- Heydər Əliyev məhkəməyə açıq müdaxilə etmirdi. Amma bilirdi ki, nələr baş verir, proses nə yerdədir. Heydər Əliyevin Əbülfəz Elçibəyə az cəza verilməsində böyük xidmətləri oldu.
- Bəs ruslar, DTK?
- DTK rəhbərliyinin Əbülfəz Elçibəyə münasibəti çox mənfi idi. DTK məhkəmənin ona uzun müddətli cəza kəsməsini istəyirdi.
Elə ona görə də, Elçibəyə verilən maddə üstündə DTK ilə bizim aramızda böyük narazılıq oldu. Çünki cinayət işini onlar aparmışdılar. DTK-nın ixtiyarı var idi cinayət işi qaldırsın. Yadımdadır ki, cinayət işinin qaldırılması haqqında qərarı mən hazırladım. Cinayət işini biz qaldırdıq və DTK-ya tapşırdıq ki, siz istintaqı aparın. Amma deyim ki, DTK-nin işçilərinin arasında Elçibəyə münasibəti yaxşı olanlar da var idi.
- O dövrün tanınmış ziyalıları Elçibəyin işi ilə bağlı sizə müraciət edirdilərmi? Onu müdafə edənlər var idimi?
- Var idi . Elçibəyi müdafiə edənlər də çox idi.
- Bəs tələbələri Elçibəyi müdafiə etdiklərinə görə incitmədilər?
- Yox. Bəlkə də DTK bilirdi ki, onlar nə təşkilat yaradıblar. DTK-nın bilmədiyi bir iş yox idi. Siz hesabınızı götürün: 20 il mən prokurorluqda DTK-ya nəzarət etmişəm. Orada bir adam da əsassız məsuliyyətə alınmadı. Hamı haqqında əsas olurdu. Onlar böyük bir qüvvəyə sahib idilər.
- Əbülfəz Elçibəylə sonralar heç görüşdünzmü?
- Mən 1987-ci ildən prokurorluq orqanlarından təqaüdə çıxdım. Sonrakı illər ərzində Əbülfəz Elçibəylə görüşüm olmayıb.
- Bəs Azərbaycanın prezidenti seçiləndən sonra necə?
- Prezident olanda bir dəfə mənə zəng vurdu. Ali Məhkəmədə iclasda iştrirak edərkən məni soruşub. Deyiblər ki, Yamən artıq prokurorluq sistemində işləmir. Elçibəy məndən soruşdu ki, "niyə işləmirsən?". O zaman da yoldaşım ağır xəstə idi. Dedim "etimada görə sağ olun, amma işləmək istəmirəm".
- Siz Azərbaycan siyasi tarixinin ən məşhur məhkəməsində dövlət ittihamçısı olmusunuz. Əbülfəz Elçibəy öz fəaliyyəti ilə sizdə hansı təəssüratlar saxlayıb?
- Əbülfəz Elçibəy yaxşı insan idi. Çox təmiz... Uşaq ağlayanda o da ağlayırdı. Amma yanındakılar ona xəyanət etdilər. Onun haqqında o zamanlar pis təəssüratım yox idi. Elçibəyin ümumi fikri düz idi. Rusiya Azərbaycanın başına olmazın oyunlar açmışdı. Amma qüvvələrin qeyri-bərabər olduğu bir zamanda vaxtı deyildi. Neyləyə bilərdi. Gərək hərəkət edəndə də ağıllı hərəkət edərdi. Bir az siyasət və uzaqgörənlik lazım idi. Mənə elə gəlir ki, Elçibəy özü bilirdi ki, necə səhvlər edib. O ağıllı adam idi, səhvlərini bilirdi. Dərd budur ki, onu axırda tək qoydular.

ardı var...

Xaqani SƏFƏROĞLU
Şahanə RƏHİMLİ