Ölkədə qaz terroru tüğyan edir
Ölkədə qaz terroru tüğyan edir

Salman Həsənov: “Təbii qazın tərkibində çoxlu miqdarda zəhərli qazlar mövcuddur”

Artıq ölkənin informasiya kanallarının hər gün dəm qazından boğulub ölənlər və yaxud zəhərlənənlər barədə məlumatlar yaymasına adət etmişik. Necə deyərlər, ölkədə elə strukturlar var ki, bizləri, yəni sıravi vətəndaşları ölümə öyrəşdirirlər.

Oxucu bizimlə razılaşar ki, hazırda ölkədə üç “ölüm maşını” fəaliyyətdədir. Bu “ölüm maşınları”ndan birinci yerdə duranı yol-nəqliyyat hadisələridir. Hər il bu hadisələr nəticəsində ölkədə ölənlərin sayı minlərlədir.
Və bu hadisələrin səbəblərini araşdıranda cəmiyyətimizdə xoşagəlməz fəaliyyət formalarının kök atdığının şahidi oluruq. Məsələn, sürücülük vəsiqələrinin bəlli qiymətlərə satılması. Bu biabırçı faktı ölkədə hamı bilir... Hamı bilir və hamı da ... susur. Bizdə olan məlumata görə, Bakı şəhərində işləyən marşrut avtobuslarının sürücülərinin 70%-ə qədərinin sürücülük vəsiqəsi yoxdur. Və bu vəsiqəsizlərin əksəriyyəti cavanlardır. Düşünmürük ki, adi qəzet yazarı bu faktdan xəbərdardırsa, çətin ki Azərbaycanın rəşadətli yol polisi bu faktdan xəbərsiz ola. Və yol polisi bu faktı bilə-bilə heç bir tədbir görmürsə, deməli, özəl ictimai marşrutların sahibləri ilə yol polislərinin heç bir problemi yoxdur. Və hamımız bilirik ki, ola da bilməz. Çünki...
Ölkədəki ikinci ən qorxulu “ölüm maşını” hərbi hissələrdir. Bu “maşın” barədə ölkə mətbuatı çox yazıb. Xüsusən də son günlərdə... Amma, necə deyərlər, “Dəyirman öz işindədir, çax-çax baş ağrıdır”. Nə qədər yazılsa da, deyilsə də, sözügedən “ölüm maşınları” tövrlərini dəyişmədən işlərini görürlər – ölü dalınca ölü “doğurlar”.
Hazırda ölkədə “iş başında” olan ən təhlükəli ölümsaçanlardan biri də dəm qazıdır. Yaşlı oxucuların çox yaxşı yadındadır ki, sovetlərin dövründə Azərbaycanda, o cümlədən SSRİ-nin digər respublikalarında nadir hallarda dəm qazından ölüm faktları qeydə alınardı.
İndi isə bu faktlar lap adi yeniliklərdən birinə çevrilib. Necə deyərlər, bu barədə ən son informasiya: Bakı-Balakən sərnişin qatarında dəm qazından 2 nəfər zəhərlənib. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, yanvarın 15-də Bakı-Balakən sərnişin qatarında, orada bələdçi işləyən Xədicə İbrahimova və sərnişin Zaur Mehdiyev dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Eləcə də Nizami (Gəncə) rayon sakini Rahilə Həsənova, Sumqayıt şəhər sakinləri Məsim Hacıyev , Ümidə Məmmədova, Əli İbrahimov, Adil Bəyalıyev, Rövşən Əliyev, Güldəstə Qasımova və Abşeron rayon sakini Nuranə İsmayılova evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Və bu məlumatın ardınca ənənəvi cümlə: Faktla bağlı araşdırma aparılır.
Amma sözün düzü, bu araşdırmalar heç nəyi dəyişdirmir – ölüm, ölüm dalınca gəlir...
Sovetlərin zamanında qaz sənayesində çalışmış qocaman mütəxəssis Salman Həsənovun bizə söylədiyinə görə, “Sovetlərin zamanında dövlət sektorunda çalışan insanlarda bir qorxu, məsuliyyət hissi var idi. Yəni hər kəs öz işinə ciddi və diqqətlə yanaşırdı. Amma indi başlı-başınaçılıqdır. Sualınıza cavab olaraq bildirim ki, yerin təkindən hasil edilən təbii qazın tərkibində çoxlu miqdarda zəhərli qazlar mövcuddur və mavi yanacaq əhalinin istifadəsinə verilməzdən əvvəl bu zəhərli tərkiblərin təmizlənməsi lazımdır. Həmin zəhərli tərkiblər təmizlənməyəndə qazın istifadə edildiyi mühitdə yaşamaq, işləmək və yaxud sadəcə orada olmaq təhlükəlidir. Çünki həmin zəhərli tərkiblər yanma zamanı sərf edilmir və qazın işləndiyi mühitdə havaya qarışır. Bu tərkiblər isə ölümcüldür”.
Mütəxəssisin dediyinə görə, “Sovetlərin zamanında mavi yanacaq xüsusi qurğularda filtrasiyadan keçirdilərək həmin zəhərli tərkiblərdən təmizlənərdi. Bu prosedur üçün milyonlarla manat vəsait tələb olunur. Hazırda ölkədə qazın istismarını təşkil edən strukturlar bu vəsaitə qənaət edirlər. Nəticədə də zəhərli tərkibə malik olan qaz sıravi vətəndaşların istifadəsinə buraxılır. Bunun son nəticələri də məlumdur. Ölkədə tez-tez dəm qazından boğulub ölmə və yaxud zəhərlənmə faktları qeydə alınır”.
Salman Həsənovun dediyinə görə, “Sovetlərin vaxtında mavi qaz filtrasiyadan keçirdildikdən sonra qazın tərkibinə əlavə kimyəvi maddə də vurulurdu ki, mənzillərə və yaxud hər cür qapalı mühitə qaz sızması baş verəndə həmin kimyəvi maddənin qoxusuna görə istifadəçi qaz sızmasından dərhal xəbər tuta bilsin. Belə olanda qazdan törəyən faciələrin qarşısını almaq mümkün olurdu. Hazırda bu prosedura da əməl edilmir. Ona görə də sakinlər dəm qazından gələn ölümün “ətrini” hiss etmirlər”.
“Azəriqaz” ASC-nin mətbuat xidmətinin əməkdaşı Araz Ağayev “Unikal”a bildirdi ki, “Ölkənin televiziya kanallarında sözügedən təhlükə ilə bağlı bizim elanlarımız müntəzəm şəkildə səslənir. Biz bu elanlarda əhalinin diqqətinə çatdırılır ki, qeyri-standart qaz sobalarından istifadə edilməsi həyat üçün təhlükəlidir”.
Araz Ağayev sonda bildirdi ki, “Əhalinin istifadəsinə verilən mavi yanacağın tərkibi dövlət standartlarına uyğundur”.
Orxan Həsənli