İsrail Türkiyədən üzr istəməyə hazırdır
İsrail Türkiyədən üzr istəməyə hazırdır

Araz Əlizadə: “Onların barışması və ortaq məxrəcə gəlməsi Amerikanın da maraqlarına cavab verir”

İsrail 9 nəfərin ölümü ilə nəticələnən “Mavi Mərmərə” olayından 32 ay sonra Türkiyədən üzr istəməyə hazır olduğunu açıqlayıb.
2010-cü ildə Türkiyənin İsraildəki səfirini Xarici İşlər Nazirliyinə dəvət edərək özünün əyləşdiyi kreslo ilə müqayisədə alçaq olan kresloda əyləşməyə dəvət edən və bununla da diplomatik qalmaqala yol açan xarici işlər nazirinin müavini Danni Ayalon bunu “Hürriyet” qəzetinə müsahibəsində söyləyib.
Danni Ayalon deyib ki, hazırda Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması üçün fürsət var. Onun sözlərinə görə, həm iqtisadi, həm də strateji baxımdan Türkiyə və İsrailin birgə hərəkət etməsi çox önəmlidir: “Bu gün heç bir şəkildə proqnozlaşdırıla bilinməyən Orta Şərq var. Ona görə də 2013-cü ildə Türkiyə-İsrail münasibətlərinin qaydaya düşməsini olmasını arzulayıram. Biz bunu edə bilərik”.
Danni Ayalon İsrailin Türkiyə ilə münasibətləri qaydaya salmaq üçün ABŞ-ın təcrübəsindən yararlanmağa hazır olduğunu açıqlayıb: “Keçən il ABŞ qüvvələri tərəfindən yanlışlıqla 24 Pakistan əsgəri öldürüldü. ABŞ Pakistana bir üzr məktubu göndərdi, Pakistan da bu üzr məktubunu qəbul etdi. Bu məktubda Pakistandan üzr istənilir. İsrail-Türkiyə münasibətlərinin qaydaya salınması üçün bu məktub təcrübəsindən istifadə edə bilərik. İsrail buna hazırdır”.
Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr isə “Hürriyet”ə bildirib ki, Ankara İsrailin bu təklifinə qarşı çıxır, İsraildən birmənalı üzr gözlənilir. Çünki ABŞ dövlət katibi Hillari Klinton tərəfindən Pakistana göndərilən məktubda üzr istənilmir, Hillari Klinton sadəcə, olaydan üzgün olduğunu yazır.
Qeyd edək ki, Danni Ayalon İsrail hökumətində Türkiyədən üzr istənilməsinə qarşı ən sərt etiraz edən sağçı “İsrail Evimiz” Partiyasının rəhbərliyində yer alıb. “İsrail Evimiz” Partiyasının sədri və xarici işlər naziri Aviqdor Liberman korrupsiya iddiaları ilə bağlı keçən ay bütün vəzifələrindən istefa verib, onun səlahiyyətlərini hazırda Danny Ayalon yerinə yetirir. Ancaq Danni Ayalon partiyası tərəfindən qarşıdan gələn parlament seçkilərində namizəd göstərilməyib.
Azərbaycan Sosial-Demokrat partiyasının sədri Araz Əlizadə “Unikal”a bildirdi ki, “Mavi Mərmərə” insidentindən sonra Türkiyə özünə hörmət edən bir dövlət kimi İsrailin qarşısına ciddi tələblər qoydu. Və Türkiyə bu tələblərində haqlıydı, çünki İsrail həmin insident zamanı bır sıra ölkələrin vətəndaşlarına qarşı dövlət səviyyəsində cinayət törətmişdi. Təəssüf ki, beynəlxalq səviyyədə bu cinayətin hüquqi qiyməti verilmədi”.
Partiya sədrinin sözlərinə görə, “Əslində, İsrail “Mavi Mərmərə” cinayətini törətməklə Türkiyənin əl-qolunu açdı və Türkiyə bu hadisədən məharətlə istifadə edərək Yaxın və Orta Şərq müstəvisində İsraili küncə sıxışdırmağa başladı. Yəni Türkiyə həm İsrailə, həm də regionda marağı olan dövlətlərə bildirmək istəyirdi ki, “Bu bölgədə söz sahibi mənəm!” Suriyada gedən proseslər və beynəlxalq ictimaiyyətin buna reaksiyası, İran ətrafında cərəyan edən gəlişmələr Türkiyənin haqlı olduğunu bir daha sübut etdi”.
Araz Əlizadə hesab edir ki, “Məsələnin bu tərəfi də qeyd edilməlidir ki, bu dövlətlərin hər ikisi Yaxın Şərqin əsas oyunçularından biri olan Birləşmiş Ştatların yaxın müttəfiqidirlər. Onların barışması və ortaq məxrəcə gəlməsi Amerikanın da maraqlarına cavab verir. Buna görə də İsrailin etirafda bulunaraq Türkiyəyə əl uzatması gözlənilən idi”.
Elmir