Ermənilər və azərbaycanlılar birgə sayt yaratdılar
Ermənilər və azərbaycanlılar birgə sayt yaratdılar

Böyuk Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə yeni birgə sayt yaradılıb. Layihə Ermənistandakı “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən həyata keçirilib. Layihə qarşı tərəflə bağlı məlumatların artırılması, ermənilər və azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın ilk əldən təsdiqlənməsinə xidmət edir.

Sayt açılan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. Raffi Ovannisyan xəyal dünyasına o qədər qapılıb ki, Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər.
Ötən gün “İctimai dialoqlar” (www.publicdialogues.info) saytının İrəvanda təqdimat mərasimi keçirilib. Bu gün isə saytın Bakıda da təqdim olunması planlaşdırılıb.
Tanınmış telejurnalist Qulu Məhərrəmlinin “Unikal”a bildirdiyinə görə, “Əvvələr də bir sıra beynəlxalq təşkilatlar tərəfindən buna bənzər cəhdlər edilmişdi. Mən hesab edirəm ki, bu addım düzgündür və sözügedən cəmiyyətlər arasında etimad yaradılması zəruridir. Necə deyim, hərbçi hərbçi işini görməlidir, jurnalist isə jurnalist işini. Dağlıq qarabağ münaqişəsinin bütün tarixi boyunca bir sıra qaranlıq və cəmiyyətlərdən gizlədilən məqamlar qeydə alınıb. Əks qütblərdən olsa da, fikir mübadiləsi hökmən təmin edilməlidir. Bu saytdan effektli tribuna kimi istifadə etmək lazımdır və mümkündür”.
Teleaparıcının sözlərinə görə, “İndiki halda Dağlıq Qarabağ probleminin hərb yolu ilə həll edilməsində bir çox dövlətlərin marağı yoxdur. Deməli, yaranmış situasiyada informasiya üstünlüyünün qazanılması önəmli rol oynaya bilər. Bu baxımdan yanaşanda sözügedən saytdan Ermənistan cəmiyyəti ilə birbaşa təmas qurmaqda və bizə lazım olan informasiyanın erməni oxucusuna çatdırılmasında əlverişli şəkildə istifadə edə bilərik”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli “Unikal”a bildirdi ki, “İndidən saytın xətti və iş prinsipləri barədə konkret söz demək çətindir. İşləsinlər, baxaq görək, necə və nələrdən yazırlar. Azərbaycan və Ermənistan cəmiyyətləri arasında birbaşa təmaslar yaratmaq istiqamətində Britaniya hökumətinin əvvəllər də belə təşəbbüsləri olub, amma sonradan bu layihələr yarımçıq qalıb”.
Məmmədlinin sözlərinə görə, “Bütövlükdə isə hesab edirəm ki, Azərbaycan müəlliflərinin həmin saytda təqdim ediləcək materialları Azərbaycan dövlətçiliyinin maraqlarına xidmət etməli və dövlətimizin Dağlıq Qarabağ probleminin həllində yürütdüyü siyasi xətdən kənara çıxmamalıdır”.
Savalan