Qara Yanvar: Azərbaycan xalqına qarşı soyqırım
Qara Yanvar: Azərbaycan xalqına qarşı soyqırım

Bakıya yeridilmiş sovet qoşununun şəxsi heyəti 60 min nəfərə çatırdı

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.

Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə,bəzi məlumata görə,onun sayı 60 min nəfərə çatırdı,- "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar" ("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə,Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi.Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri,Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi.4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq,1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu,Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq,yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin,DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı.Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş,600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri,20-dən çox qadın, uşaq var idi. [1]
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular.İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər.Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü,700-dək insan yaralandı,800-dən çox adam qanunsuz həbs edildi.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı.Halbuki Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki,Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların "millətçi ekstremistlər" adlandırdıqları bunlar idimi?
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:
"Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır"...
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km?-dən 87 000 km?-ədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) "20 Yanvarın "Şəhidlər günü" elan olunması haqqında" qanun qəbul etdi. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olundu.
18 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Naxçıvanda konfrans keçirildi

AMEA Naxçıvan Bölməsində "Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi" mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təlim keçmiş qoşun hissələrinin dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş vəhşiliklərin tariximizin ən qanlı səhifələrindən olduğunu qeyd edib.
Sonra elmi məruzələr dinlənilib. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından - institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov "20 yanvar faciəsinin səbəbləri və günahkarları", AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev "Heydər Əliyev və 20 yanvar faciəsinə hüquqi siyasi qiymət verilməsi", institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev "20 yanvar şəhidləri - iftixar mənbəyimiz", institutun əməkdaşı Nurlana Əliyeva "20 yanvar hadisələri: xalqımızın qəhrəmanlıq tarixi" İnstitutun kiçik elmi işçisi Elnur Kəlbizadə "Qanlı yanvarın ibrət dərsləri" mövzularında elmi məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, bir millət kimi sınmadığımız, əyilmədiyimiz, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azaldığımızı və müstəqilliyimiz qanımızla və canımızla qoruya bildiyimizin sübutu olan 20 yanvar qan yaddaşımıza yazılmış faciəli tariximizdir, eyni zamanda qəhrəmanlıq salnaməmizdir.

Gəncə gəncləri şəhidlərin xatirəsini yad etdilər

Yanvarın 18-də Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib.
Tədbir iştirakçıları şəhərdəki Şəhidlər abidəsinin qarşısına əklil qoyaraq, respublikamızın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad ediblər.
Gənclər keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını qeyd ediblər. Onlar hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün şəhərdə ucaldılmış möhtəşəm abidə önünə toplaşdıqlarını bildiriblər. Qeyd edilib ki, bu abidəni gənclər tez-tez ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər.
Mərkəz tərəfindən anım tədbirləri ölkəmizin müxtəlif regionları ilə yanaşı, xarici ölkələrdəki bir sıra ali məktəblərdə də keçiriləcək.
Zahid Dadaşov