ABŞ İranla məxfi danışıqlar aparır?!
ABŞ İranla məxfi danışıqlar aparır?!

Ötən ilin oktyabr ayında, ABŞ-ın "New York Times" qəzetində, Barak Obamanın 2009-cu ildə prezident seçilməsindın sonra ABŞ-la İran arasında gizli danışıqların olması ilə bağlı məlumat verildi. Hər iki tərəf informasiyanı təkzib etsə də, bu tipli informasiyalar gündəmdən düşmədi.

Hesab edilir ki, ABŞ bundan sonra İranla nüvə danışıqlarının "5+1" formatı çərçivəsində deyil, məhz birbaşa aparılmasına üstünlük verəcək (publika.az).
Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, birbaşa danışıqların aparılması ilə bağlı informasiyaların həm İran, həm də ABŞ tərəfindən təkzib edilməsinə baxmayaraq, bu, əslində, həqiqətə söykənir.
Məxfi görüşlərin İsveçrə və Avropanın digər şəhərlərində keçirildiyi barədə informasiyaların yayıldığını bildirən politoloq vurğulayıb ki, danışıqlarda ABŞ-ın dövlət katibi Hillari Klintonun da birbaşa iştirak etdiyi deyilir.
Natiq Miri birbaşa danışıqlara olan ehtiyacı "5+1" formatı çərçivəsində aparılan müzakirələrin gözlənilən nəticəni verməməsi ilə əlaqələndirib: "Problemin həllində hər bir güc mərkəzinin həm iqtisadi, həm də siyasi maraqları var. Bu maraqları bir nöqtədə uzlaşdırmaq çətin məsələdir. Amma burada problemin moderatoru olan ABŞ-la ikitərəfli danışıqların aparılması, İran tərəfindən atılmış ən doğru addımdır. İkitərəfli danışıqlarda əldə olunan nəticə, "5+1" formatı çərçivəsində aparılan danışıqlardan əldə olunan nəticədən daha realdır. Konkret olaraq, Rusiya və Çinin nüvə danışıqlarında iştirak etməsi problemin həllinə əsas əngəldir. ABŞ-Iran danışıqları gedir və ciddi mənada nəticə olacağını güman edirəm. Nəticədə İran bir çox güzəştlərə getmək məcburiyyətində qala bilər. Bu il İranda prezident seçkiləri keçiriləcək və hesab edirəm ki, yeni prezidentin aparacağı danışıqlarda müəyyən nəticələr də olunacaq. Təbii ki, konkret şərtlər var və İran ABŞ-ın istədiklərini yerinə yetirərsə, bu ölkəyə qarşı tətbiq olunan sanksiyalar da tədricən qaldırılacaq".
Politoloq "5+1" formatının iştirakçıları olan Çin və Rusiyanın bu problemin həllinin uzanmasında maraqlı olduğunu söyləyib: "Ən azından enerji daşıyıcılarını ucuz qiymətə ala, iqtisadi və siyasi maraqlarını İran konteksində təmin edə bilirlər. İranın da bu ölkələrə ehtiyacı var. Çünki hazırda İran beynəlxalq təşkilatlar səviyyəsində Çin və Rusiya tərəfindən himayə olunur. Problemin həllinin uzanmasında bu dövlətlərin marağı olsa da, onlar regionda yeni bir müharibənin olmasını da istəmirlər. Çünki İranda mövcud rejimin devrilməsi və onun qərbyönümlü hakimiyyətlə əvəzlənməsi Rusiyanın planlarına daxil deyil. Bu, Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi üçün böyük təhdiddir".
Ömər Əmirov