Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması böyük bir nailiyyətdir.

Unikal.org xəbər verir ki, bunu Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Siyasəti üzrə Komissar Oliver Varheyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında deyib.

O, ilk növbədə, Trans-Adriatik Qaz Boru Kəmərinin inşasının başa çatmasını və Azərbaycandan Avropa ittifaqına təbii qaz ticari tədarükünün başlanmasını alqışlayıb:

"Bununla Cənub Qaz Dəhlizinin son mərhələsi başa çatır. Bu, dövlətlərin, eləcə də bu gün burada iştirak edən dövlət və özəl maraqlı tərəflərin uzaqgörənliyinə, əzmkarlığına və səmərəli əməkdaşlığına borclu olduğumuz böyük bir nailiyyətdir. Hər kəsi təbrik edirəm! Cənub Qaz Dəhlizi Şərq Tərəfdaşlığının "2020-ci il üçün 20 nailiyyət" programımız çərçivəsində gündəliyinin bir hissəsidir. Bu nailiyyətlərə əsaslanaraq, keçən ilin mart ayında Şərq Tərəfdaşlığının gələcək siyasi prioritetlərinə dair Birgə Bəyanat təqdim etdik".

Oliver Varheyi qeyd edib ki, əməkdaşlığın təməlini iqtisadiyyat və enerji təhlükəsizliyinin davamlığı təşkil edib: "İndi bu prioritetlərin real hədəf və vəzifələri ilə həyata keçirilməsi üçün planın hazırlanmasında iştirak edirik. Nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi və tədarük təhlükəsizliyi iqtisadiyyatımızın dayanıqlığını dəstəkləyir".