Fransa millisinin sabiq futbolçusu Villi Sanyol Gürcüstan yığmasının baş məşqçisi təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib. 44 yaşlı mütəxəssisin təyinatı bu gün təsdiqlənib.

Veteran müdafiəçi yeni vəzifəsində bu il martın 25-də debüt edəcək. Həmin gün Gürcüstan millisi DÇ-2022-nin seçmə mərhələsində İsveçlə qarşılaşacaq.

Gürcüstan yığmasının keçmiş baş məşqçisi Vladimir Vayss ötən ilin noyabrında istefa verib.

Qeyd edək ki, 2001-ci ildə Almaniya "Bavariya"sının heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş Villi Sanyol Bundesliqada 5 dəfə çempionluq sevinci yaşayıb. O, həmçinin Fransa millisi ilə 2006-cı ildəki dünya çempionatının gümüş medalçısı olub. Sanyol 2014 - 2016-cı illərdə ölkəsinin "Bordo" klubuna başçılıq edib.