20 İyun 2019
"Azərbaycan insanında vətəndaş cəsarəti problemi var"
"Azərbaycan insanında vətəndaş cəsarəti problemi var" MÜSAHİBƏ 20:12 2013-01-18

"Azərbaycan insanında vətəndaş cəsarəti problemi var"
"Azərbaycan insanında vətəndaş cəsarəti problemi var"

Əlməmməd Nuriyev: "Korrupsiyaya qarşı mübarizədə kampaniyaçılıq
başlayırsa, onda korrupsiyaya qarşı mübarizə həmin anda da bitmiş olur"

Hazırda ölkədə seçki qabağı situasiya getdikcə rəngarəngləşməkdə və necə deyərlər, hərarətini artırmaqdadır. Və təbii ki, müxalifət bu situasiyadan özünün seçki kampaniyasında yararlanmağa çalışacaq. Bəs bu baxımdan ölkədə durum necədir? "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyevlə bu günki söhbətimiz də daha çox bu yöndə olacaq.

- Əlməmməd müəllim, Azərbaycanda korrupsiyanın yayılma arensı nə dərəcədədir və ona qarşı aparılan mübarizə nə dərəcədə effektlidir?
-Azərbaycan müstəqillik qazanandan bəri dövlət səviyyəsində həmişə korrupsiyaya qarşı mübarizə aparılıb, amma bu proses ekizodik xarakterdə olub, yəni sistematik səciyyə daşımayıb. Ölkədə korrupsiyaya qarşı sistemli üsullarla mübarizə 2004-2005-ci illərdən start götürüb. O zaman 2004-2006-cı illəri əhatə edən birinci dövlət proqramı qəbul edildi. Bu müddət ərzində bir çox qanunlar qəbul edildi, bəzi təchizatlar yaradıldı. Daha sonra 2007-2011-ci illərdə şəffaflığın artırılması ilə bağlı ikinci dövlət proqramı qəbul edildi. Hal-hazırda da həmin fəaliyyət proqramının icra müddəti başa çatdığı üçün yeni fəaliyyət proqramı üzərində iş gedir və bu prosesdə həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edirlər. Korrupsiyaya qarşı mübarizə, onun tempi və miqyası ilə bağlı cəmiyyətdə çox müxtəlif fikirlər səslənə bilər. Bəziləri düşünə bilər ki, bu temp kifayət qədər yüksək deyil. Amma korrupsiyaya qarşı mübarizədə kampaniyaçılığa da yol vermək olmaz. Əgər bu işdə kampaniyaçılıq başlayırsa, onda korrupsiyaya qarşı mübarizə həmin anda da bitmiş olur. Çünki kampaniyaçılıq dövründə mübarizə sərtləşir və qısamüddətli effektlər əldə edilir, amma sonradan daha iri korrupsiya sövdələşmələri üçün şərait xeyli genişlənmiş olur. Ona görə də bu mübarizə davamlı olmalıdır, ardıcıl olmalıdır və kompleks tədbirləri özündə əks etdirməlidir. Ölkədə korrupsiyaya qarşı mübarizənin strategiyasında da bunlar durur. Bu istiqamətdə siyasi iradə mövcuddur və mübarizənin effektli şəkildə aparılması üçün çoxsaylı qanunlar qəbul edilmişdir və institusional təchizatlar da hazırdır. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi bu həlqənin davamı kimi yaradılıb. Ən mühüm məsələlərdən biri isə elektron hökumətə keçməklə bağlı görülən işlərdir. Bununla bağlı Prezidentin müvafiq fərmanı oldu və iki gün bundan əvvəl də Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və innovasiyalar üzrə dövlət agentliyinin yaradılması və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu. Düşünürəm ki, bu fərmanlar və həyata keçirilən tədbirlər korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artıracaq. Eyni zamanda bu mübarizənin təkcə dövlət qurumları ilə məhdudlaşmaması üçün vətəndaş cəmiyyəti və medianın da prosesdə fəal şəkildə iştirakı üçün qanunvericilik aktları hazırlanmaqdadır. Görülən tədbirlər onu deməyə imkan verir ki, korrupsiyaya qarşı mübarizə gedir, amma ölkədə korrupsiya yenə də yüksək səviyyədədir. Korrupsiya olduğuna görə bu tədbirlər alınıb. Azərbaycanda korrupsiya bazarı yenə də mövcuddur. Bəzən bu mübarizənin sürəti bizi qane etməyə bilər, amma əsas məsələ onunla bağlıdır ki, bu mübarizə sistemli və davamlı bir prosesə çevrilib. Prezident də bir neçə gün öncə bir daha bəyan etdi ki, korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri almamalıdır. Bu onu göstərir ki, siyasi iradənin özü də davamlı xarakter kəsb edib. Bəzən belə fikirlər də səslənir ki, əgər korrupsiyaya qarşı mübarizə aparılırsa, niyə bunun real nəticələrini hiss etmirik? Amma nəzərə alınmalıdır ki, 2005-ci ildə korrupsiyaya qarşı ilk dəfə mübarizə başlayanda hansı vəziyyətdəyidik, indi hansı vəziyyətdəyik. Əgər bu gün vətəndaş öz evində oturaraq əlavə vəsait sərf etmədən, idarələrin qapılarını döymədən bir çox xidmətlərdən istifadə edə bilirsə, bu özü bir irəliləyişdir. Eyni zamanda, əgər 2005-ci ildə vətəndaşlıq pasportu almaq üçün böyük növbələrə durmalı olurduqsa, bu gün pasportları həm daha tez almaq mümkündür, həm də həmin növbələrə durmağa ehtiyac qalmayıb. Əgər 2005-ci ildə vətəndaş kommersiya fəaliyyəti ilə bağlı xeyli sayda sənədlər toplamalıydısa və bir neçə ay get-gələ düşməliydisə, məmurlarla sövdələşməliydisə, bu günləri sahibkarlıq fəaliyyəti üçün subyektlərin dövlət qeydiyyatına alınmasına cəmi 5-20 dəqiqə vaxt lazımdır. Bir çox dövlət idarələrində vahid pəncərə prinsipinə keçilməsi məmur-vətəndaş təmaslarını sıfıra endirib. Elə bu da korrupsiyaya qarşı mübarizənin bir nümunəsidir.
Həm də ötən illərdə korrupsiyaya bulaşmış məmurların hüquqi məsuliyyətə cəlb edilməsində çətinliklər müşahidə edilirdisə, artıq bu yöndə də müəyyən dinamika müşahidə edilir, inzibati məsuliyyətə cəlb etmə qeydə alınır. Fikrimcə, bu istiqamətdə də genişlənmə prosesi baş verir. Yəni bunlar var, amma, əlbəttə ki, bu sürətin özü də bizi qane edə bilməz. Hələ ki görülməli işlər çoxdur. Hər kəs istəyərdi ki, korrupsiyasız cəmiyyətdə yaşasın və hər hansı bir işə başlayanda korrupsiya sövdələşmələri ilə rastlaşmasın. Prezidentin 13 iyul tarixli fərmanı dövlət orqanlarında şəffaflığın təminatı üçün mühüm rol oynaya bilər.
-Amma zamanında son dərəcə aktual olan həmin fərman cəmiyyətə geniş şəkildə izah edilmədi. Çünki Azərbaycan cəmiyyətində hüquqi savadsızlıq ciddi problemə çevrilib və vətəndaşlarımızın əksər problemləri onların qanunların yaratdığı hüquqlardan və səlahiyyətlərdən çox vaxt xəbərsiz olmalarından qaynaqlanır...
-Sualda qoyduğunuz fikirlə tam razılaşıram. Ölkədə hüquqi məlumatsızlıq kifayət qədər geniş yayılıb. Və bu, təkcə sıravi vətəndaşlara aid deyil. Və həm də məsələ burasındadır ki, dövlət strukturlarının əhaliyə göstərməli olduğu xidmət siyahısı kifayət qədər genişdir. Belə ki, dövlət qurumları vətəndaşlara, təxminən, 800-ə yaxın müxtəlif xidmətlər göstərir və bunların hamı üçün əlçatanlığının təminatı məqsədilə xidmət mərkəzləri yaradılacaq. Həmin mərkəzlərdə xidmətlər operativ, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında olacaq. Pasport qeydiyyatı yerindən asılı olmayaraq vətəndaş həmin mərkəzlərə gedib istənilən xidmətdən istifadə edə biləcək. Vətəndaşlar telefon-internet vasitəsilə də bu xidmətlərdən yararlana biləcəklər. Bu zaman onlar növbələrdən azad olub vaxta qənaət edəcəklər. Tutaq ki, kimsə reyestr xidmətindən istifadə edəndə xeyli növbəyə durmalı olurdu və bu zaman məmurlar onunla müxtəlif sövdələşmələr də aparırdılar. Sözügedən mərkəzlər işə başlayandan sonra bu neqativ halların hamısı aradan qalxacaq.
-Amma korrupsiyaya qarşı mübarizə yönündə maraqlı bir qanunauyğunluq müşahidə edilir: Baş Prokurorluğun nəzdindəki Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin caynağına keçənlər əsasən xırda məmurlardır - təhsil, bələdiyyə işçiləri, həkimlər, kiçik rütbəli polislər və s... Bu siyahıda irirütbəli dövlət məmurlarını görmürük. Bunu necə izah edərdiniz?
- Həmin qurumun korrupsiyaya qarşı mübarizəsi xeyli genişlənib. Ötən il Prezidentin fərmanı ilə həmin idarənin səlahiyyətləri genişləndirilib. Bu idarə əvvəllər ancaq korrupsiya faktlarının istintaqını aparırdısa, indi izləmə, axtarış-əməliyyat və s. hüquqlara da malikdir. Bu, çox vacibdir, çünki korrupsiya faktının təhqiqatı zamanı informasiyanın sızması ehtimalı yüksəkdir və nəticədə əməliyyat səmərəsiz ola bilər. Ötən illərlə müqayisədə bu ilin I yarısında bu idarənin istintaq şöbəsində 141 cinayət işi araşdırılıb, 164 şəxs barəsində 84 cinayət işi tamamlanıb. Onlardan 160 şəxs barəsində cinayət işi qaldırılıb baxılması üçün məhkəməyə göndərilib, 4 nəfərin işinə isə xitam verilib. Gördüyünüz kimi, burada bir dinamika müşahidə edilir. Amma bununla belə, korrupsiya barədə vətəndaşlardan idarəyə daxil olan məlumatlar mötəbər olmalıdır, kifayət qədər sübutlar olmalıdır. Məhkəmədə baxılan işlərə nəzər yetirsək görərik ki, ölkədə korrupsiya, az qala, kütləvi hal təsiri bağışlayır. Korrupsiyaya qarşı mübarizə idarəsi təkcə dövlət qurumlarında deyil, özəl qurumlarda da xeyli sayda cinayət faktları aşkarlayıb. Vətəndaşları aldadıb onların külli miqdarda pul vəsaitlərini mənimsəmiş tikinti şirkətləri, fırıldaqçılıqla məşğul olan mənzil alverçiləri... Belə faktlar çox qeydə alınıb və bunların aşkarlanması məhz həmin idarənin xidmətidir. O ki qaldı yüksək vəzifəli məmurların cinayət məsuliyyətinə cəlb edilməsi, bu baxımdan situasiya kifayət qədər mürəkkəbdir. Situasiyanın mürəkkəbliyi həmin məmurların toxunulmazlığı ilə izah edilmir. Xeyr. İş burasındadır ki, həmin məmurlar arasında korrupsiya halları baş verirsə, (yəqin ki, baş verir, başqa cür ola da bilməz) bunu sübut etmək çox çətindir. Bunu sübut etmək üçün ortada dəlillər və şahidlər olmalıdır. Azərbaycan insanının psixologiyasını da yaddan çıxarmaq olmaz. Azərbaycan insanı hansısa bələdiyyə üzvünün və ya sıravi polis nəfərinin üzünə durub həqiqəti ortalığa qoya bilər. Bu, çətin iş deyil. Amma təsəvvür edin ki, bu vətəndaş hansısa nazirin və ya nazir müavininin üzünə durub həqiqəti deməlidir. Bax, bu məqamda artıq dövlət qurumunun effektliliyindən daha çox, Azərbaycan insanının vətəndaş cəsarəti problemi ortalığa çıxır. Yəni yuxarılardakı korrupsiya faktını aşkarlamaq olduqca mürəkkəb bir prosesdir. Həm də bu zaman çox böyük məbləğlərdən söhbət gedə bilər. Həm də həm rüşvət verənin, həm də rüşvət alanın maraqları lazımi şəkildə təmin olunduğundan ortalığa narazılıq çıxmır, yəni belə işlərin səsi, demək olar ki, az-az çıxır. Belə cinayətlərin baş verməsi barədə ancaq ehtimal etmək olar, əsaslı dəlillərin və sübutların toplanması isə çox çətindir, demək olar ki, mümkünsüzdür. Həm də yüksək rütbəli məmurların cinayət məsuliyyətinə cəlb edilməsi kifayət qədər problemlidir və daha geniş miqyaslı əməliyyatlar tələb edir.
Söhbətləşdi: Savalan