Ramil Usubov müşavirə keçirdi
Ramil Usubov müşavirə keçirdi

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, müşavirədə daxili işlər naziri bildirib ki, iqtisadiyyatın inkişafının, strateji əhəmiyyətli dövlət proqramlarının və beynəlxalq layihələrin uğurla həyata keçirilməsinin mühüm amillərindən olan ictimai asayiş daxili işlər orqanları, o cümlədən paytaxt polisi tərəfindən etibarlı qorunub.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayor Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durum nəzarətdə saxlanılıb. Hesabat dövründə Bakı şəhərində 9.719 cinayət qeydiyyata alınıb, onlardan 79,1%-nin açılması təmin edilib. Bu cinayətlərin 85,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,2%-i ağır və xüsusilə ağır növ cinayətlər olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və narkomaniyanın yayılmasının qarşısının alınması üzrə fəaliyyət çərçivəsində 2012-ci ildə 917 nəfər məsuliyyətə cəlb olunmuş, onlardan 204 kiloqram narkotik vasitə götürülüb, 30 nəfərdən ibarət 14 qrup ifşa edilib.
Əməliyyat müşavirəsinə yekun vuran nazir, general-polkovnik Ramil Usubov vurgulayıb ki, əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də Bakı şəhərinin polis orqanları cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib, yol verilən qanun pozuntularının sayı, o cümlədən insan hüquq və azadlıqlarının pozulması halları əvvəlki illə müqayisədə xeyli azalıb.